Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında tələbələrin növbəti qrupunun istehsalat təcrübəsi başlamışdır

06-04-2017 141 dəfə oxunub
Ombudsman Aparatında tələbələrin növbəti qrupunun istehsalat təcrübəsi başlamışdır

Məlum olduğu kimi, insan hüquqlarının təmin olunması və müdafiəsi ilə yanaşı, tələbə və magistrantların səmərəli elmi-tədqiqat təcrübəsi keçməsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın diqqət yetirdiyi məsələlərdəndir.

Bu gündən Ombudsman təsisatında Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq və beynəlxalq münasibətlər” fakültəsinin IV kurs tələbələrinin istehsalat təcrübəsi başlamışdır. 

Tələbələrlə ilk məşğələni Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı aparmışdır. O, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi islahatların həyata keçirildiyini, Konstitusiyamızın üçdə bir hissəsinin insan hüquq və azadlıqlarına həsr olunduğunu, dövlətimizin beynəlxalq konvensiyalara qoşulduğunu bildirmiş, islahatların bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. 

Ölkəmizdə Ombudsman təsisatının yaranması, mandatı, səlahiyyətləri və insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti diqqətə çatdırılmış, bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011), habelə qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər haqqında ətraflı məlumat verilmişdir. 

Qeyd olunmalıdır ki, tələbələrin təcrübəsi zamanı Ombudsman Aparatının məsul əməkdaşları onlara həm nəzəri, həm də praktiki dərslər keçəcək, insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiəsi mexanizmləri, Müvəkkilin insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, o cümlədən hüquqi maarifləndirmə, elmi-analitik, informasiya təminatı və ictimaiyyətlə əlaqələr, beynəlxalq əməkdaşlıq, habelə qaçqın və məcburi köçkünlərin, miqrantların, uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, hərbi qulluqçuların, məhkumların hüquqlarının müdafiəsi, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində gördüyü işlər, İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə baxışların həyata keçirilməsi, o cümlədən həmin müəssisələrdə insanların saxlanılma şəraiti, onlarla rəftar, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili ilə bağlı başçəkmələr barədə mühazirələr oxuyacaqlar. 

Təcrübə keçən tələbələr təsisatın hər bir struktur bölməsinin işi ilə tanış olacaq, ərizəçilərin qəbulu və vətəndaşların şikayətlərinə baxılması prosesində iştirak edəcək, habelə İnsan hüquqları kitabxanasının fondundakı çoxsaylı hüquqi nəşrlərdən faydalanacaqlar. 

Yeri gəlmişkən, təsisatda hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin “Hüquqşünaslıq” ixtisasının “Dövlət qulluğu” ixtisaslaşması üzrə təhsil alan II kurs magistrantlarının da elmi-tədqiqat təcrübəsi davam etdirilir.

Ombudsman Aparatında ümumilikdə 284 tələbə və magistrant elmi-tədqiqat təcrübəsi keçərək xasiyyətnamələr almışlar.