Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Avropa İttifaqının nümayəndə heyəti ilə görüş keçirilmişdir

06-04-2017 138 dəfə oxunub
Ombudsman Aparatında Avropa İttifaqının nümayəndə heyəti ilə görüş keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi proqramların monitorinqini aparan Monika Zabelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

A.Səfixanlı Ombudsman təsisatının yaradılması, mandatı, fəaliyyət istiqamətləri, beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə qurulan sıx əməkdaşlıq əlaqələri, ötən dövrlərdə bu qurumun Şərq Tərəfdaşlığı, TAİEX və Tvinninq layihələrində fəal iştirakı, bu layihələrin xüsusiyyətləri barədə ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, Almaniya və Polşanın birgə iştirakı ilə hazırda həyata keçirilən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi 4 komponenti (Ombudsman institutunun İşgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsi, idarəetmə informasiya sisteminin, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının və ahılların hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsi, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun icrasına nəzarət sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsi, Ombudsmanın mərkəzi aparatı və regional mərkəzinin əməkdaşları üçün səmərəli idarəetmə üzrə təlimlərin keçirilməsi) əhatə etməkdədir.

Aparatın rəhbəri Konstitusiya Qanunu ilə müəyyən edilmiş mandata uyğun olaraq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti haqqında danışmış, eyni zamanda təsisatın milli insan hüquqları institutu, habelə Milli Preventiv Mexanizm (MPM) vəzifələrini yerinə yetirdiyini bildirmişdir.

Ombudsmanın fəaliyyəti dövründə dövlət qurumlarına insan hüquqlarının təkmilləşməsi üzrə çoxsaylı təkliflərin verildiyi və bu təkliflərin böyük bir qisminin həyata keçirildiyi diqqətə çatdırılmışdır.

Görüşdə qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Sonda qonaqlar səmimi qəbul və məlumat mübadiləsi üçün minnətdarlıqlarını bildirmişlər.