Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti” mövzusunda təlim təşkil olunub

12-03-2024 1621 dəfə oxunub
“Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti” mövzusunda təlim təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2024-cü il üzrə təsdiq olunan insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirməyə dair tədbirlər planının icrasına başlanılıb. 

Cəmiyyətdə hüquq mədəniyyətinin, dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının insan hüquqlarının müdafiəsi və təmini sahəsində məlumatlılığının artırılmasına xidmət edən həmin tədbirlər planının həyata keçirilməsi məqsədilə Ombudsman Aparatı tərəfindən Bakıda və ölkəmizin regionlarında silsilə maarifləndirmə tədbirlərinin təşkil edilməsi nəzərdə tutulub.

Tədbirlər planının icrası çərçivəsində ilk təlim Ombudsman Aparatında Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə fəaliyyət göstərən internat tipli ümumi təhsil müəssisələrinin rəhbər heyəti və əməkdaşları üçün “Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti” mövzusunda keçirilib. Təlimə Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzlərinin və Naxçıvan Ombudsman Aparatının nümayəndələri də onlayn olaraq qoşulublar.

Ombudsman Səbinə Əliyeva təlimdə açılış nitqi ilə çıxış edərək, işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması istiqamətində Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verib. Bu sahədə məlumatlılığın, hüquqi biliklərin artırılmasının əhəmiyyətindən danışan Ombudsman hüquq pozuntuları ilə bağlı vətəndaş müraciətlərinin diqqətlə araşdırıldığını və pozuntu aşkar edildiyi təqdirdə mandatı çərçivəsində təxirəsalınmaz addımların atıldığını qeyd edib.

Növbəti təlimlərin əlilliyi olan şəxslərin, ahılların, uşaqların, miqrantların və digər həssas əhali qruplarının hüquqlarının müdafiəsi, hüquq bərabərliyinin təmin olunması və ayrı-seçkiliklə mübarizə, habelə informasiya əldə etmək hüququnun müdafiəsi mövzularında keçiriləcəyi bildirilib.

Daha sonra Aparatın əməkdaşları mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.  Məruzələrdə ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə, o cümlədən təhsil müəssisələrində rəftar məsələləri və saxlanma şəraitinin araşdırılması məqsədilə müntəzəm olaraq keçirilən başçəkmələr, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Yekunda mövzu üzrə fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.