Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Gənclər günü ilə bağlı Ombudsmanın Cəlilabad Regional Mərkəzi tədbirlər keçirmişdir

28-01-2017 9522 dəfə oxunub
Gənclər günü ilə bağlı Ombudsmanın Cəlilabad Regional Mərkəzi  tədbirlər keçirmişdir

Ombudsmanın Cəlilabad Regional Mərkəzi 2 fevral - Gənclər günü ilə bağlı Cəlilabad Tibb Məktəbində və Regional Mərkəzdə tədbirlər keçirmişdir.

Tədbirlərdə yerli icra hakimiyyətinin, digər dövlət orqanlarının, idarə və müəssisələrin əməkdaşları, bələdiyyə üzvləri və fəal gənclər iştirak etmişlər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək bildirmişdir ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, dövlətimizin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Dövlətin gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir və bu siyasət müvafiq hüquqi sənədlərdə öz əksini taparaq dövlət qurumları tərəfindən həyata keçirilir.

Qeyd olunmuşdur ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdür. 2 fevral 1996-cı ildə Ulu öndərin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmiş, 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə Ümummilli lider Heydər Əliyev 2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi məqsədilə təsdiq etdiyi Dövlət proqramları gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir.

Gənclərin bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və digər sahələrdə təmsil olunduğu və cəmiyyətin inkişafına öz töhfələrini verdiyi vurğulanmışdır.

Bildirilmişdir ki, son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir.

Cəlilabad Regional Mərkəzinin rəhbəri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın insan hüquqları, o cümlədən gənclərin hüquqları ilə bağlı çoxşaxəli fəaliyyəti, bu sahədə hüquqi maarifləndirmə tədbirləri barədə ətraflı məlumat vermişdir.

Sonra mövzu ilə bağlı maraqlı müzakirələr davam etmiş, iştirakçılar tədbirin təşkilinə görə Ombudsmana minnətdarlıqlarını bildirmişlər.