Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanının MPM qismində fəaliyyəti Avropa Şurasının ekspertləri tərəfindən yüksək dəyərləndirilmişdir

19-01-2017 300 dəfə oxunub
Azərbaycan Ombudsmanının MPM qismində fəaliyyəti Avropa Şurasının ekspertləri tərəfindən yüksək dəyərləndirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Avropa Şurasının ölkəmizdə səfərdə olan ekspertləri cənab John McGuckin və xanım Catherine Creamer qəbul edilmişlər. 

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları salamlayaraq, Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən islahatlar, milli qanunvericiliyin daha da təkmilləşdirilməsi, insan hüquqları sahəsində uğurlar, ölkəmizin 250-dən çox beynəlxalq konvensiyaya, o cümlədən BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokoluna qoşulması barədə ətraflı məlumat vermişdir. O, Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bunun məntiqi davamı olaraq təsisatda müvafiq şöbənin və Milli Preventiv Qrupun (MPQ) yaradılması haqqında danışmışdır.

Aparatın rəhbəri Müvəkkil Elmira Süleymanovanın çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat vermiş, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə insan hüquqları istiqamətində qurulmuş səmərəli əməkdaşlıq əlaqələri, həyata keçirilən birgə layihələri diqqətə çatdırmışdır. O, Ombudsmanın MPM qismində fəaliyyəti üzrə də dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu, şikayətlərin araşdırıldığını, müvafiq qaynar xətlərə müraciətlərə dərhal reaksiya verildiyini, məhkumların hüquqlarının diqqətdə saxlanıldığını, habelə hüquqi maarifləndirmə tədbirlərinin təşkilini vurğulamışdır.

Müvəkkilin insan hüquqlarının təmini baxımından bir çox istiqamətlərdə təklif və tövsiyələrinin icrası haqqında qonaqlara geniş məlumat verilmişdir.

Ombudsman Aparatının şöbə müdiri, MPQ-nin rəhbəri Rəşid Rumzadə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən penitensiar müəssisələrə, həmin müəssisələrdə tibbi sanitar hissələrə keçirilmiş başçəkmələr, milli və beynəlxalq standartlar əsasında verilmiş tövsiyələr və onların icrası vəziyyəti barədə ətraflı danışmışdır. 

Görüşdə Ombudsmanın Avropa İttifaqının TWİNNİNG, TAİEX, Şərq Tərəfdaşlığı proqramlarında iştirakı, habelə beynəlxalq əməkdaşlıq çərçivəsində BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsi (SPT), Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi (CPT), İşgəncələrin Qarşısının alınması üzrə Assosiasiya (APT) ilə qarşılıqlı əməkdaşlıq etdiyi diqqətə çatdırılmışdır. 

Qonaqlar Azərbaycan Ombudsmanının fəaliyyətini, o cümlədən MPM qismində gördüyü işləri yüksək dəyərləndirmiş, onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Görüş canlı müzakirələr, fikir və məlumat mübadiləsi şəraitində davam etmiş, qonaqlara Ombudsman təsisatında hazırlanmış hüquqi nəşrlər və qaynar xətlər təqdim edilmişdir.