Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə işləri davam etdirilir

18-01-2017 227 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində   hüquqi maarifləndirmə işləri davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında hüquqi maarifləndirmə, habelə müxtəlif istiqamətlər üzrə qulluğa qəbul olunmuş şəxslərin bilik və bacarıqlarının artırılması sahəsində səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin orta rəis heyətində qulluq keçən, habelə ilk dəfə qulluğa qəbul olunmuş müdavimlərin peşə fəaliyyətinə buraxılması ilə bağlı Akademiyada keçirilən icbari təlim kursunda “Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda mühazirə oxumuşdur.

O, respublikamızda həyata keçirilən hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər, habelə Ombudsman təsisatının effektiv hüquqi mexanizm kimi fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermişdir. 

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsmanın milli preventiv mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən baxışlar, verilmiş tövsiyələr və onların icrası vəziyyəti ilə bağlı məlumatlar, habelə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun müddəaları dinləyicilərin diqqətinə çatdırılmışdır.

Ölkə Ombudsmanı Elmira Süleymanovanın insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində gördüyü işlər dinləyicilər tərəfindən maraqla qarşılanmış, onların çoxsaylı sualları ətraflı cavablandırılmışdır.  

Qeyd olunmalıdır ki, xidmət əməkdaşlarının bacarıqlarının artırılmasına ünvanlanmış bu fəaliyyət Ombudsmanın da tərəfdaş çıxdığı, Avropa Şurasının ölkə üzrə 2014-2016-cı illər üzrə Fəaliyyət Planınının bir komponenti olaraq, ötən ilin sonundan icrasına başlanılmış “Azərbaycanda penitensiar xidmətin islahatlarına dəstək” proqramının icrasına, Penitensiar sistemdə idarəetmənin inkişafı və tibbi xidmətin professionallığının artırılması istiqamətində aparılan işlərə mühüm töhfə verir.