Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilmişdir

17-01-2017 9484 dəfə oxunub
Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə  görüş keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ölkəmizdə səfərdə olan  Avropa Şurasının nümayəndələri Ivan Koedjikov, Ildiko Nemeth-Salacz və qurumun Bakı Ofisinin rəhbər müavini Joel Mermet qəbul edilmişdir. 

Görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları salamlayaraq, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və Ombudsmanın fəaliyyəti haqqında geniş məlumat vermiş, Avropa Şurası ilə insan hüquqları sahəsində qurulmuş səmərəli əməkdaşlıq əlaqələrindən, həyata keçirilən birgə layihələrdən danışmışdır.

O, Ombudsman təsisatının 15 illik fəaliyyəti dövründə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti, KİV və icmalarla əməkdaşlıq ələqələrinin qurulduğunu, Müvəkkilin regional mərkəzlərinin yaradıldığını, şikayətlərə dərhal reaksiya verilməsi məqsədilə qaynar xətlərin yaradıldığını, habelə müxtəlif sahələr üzrə ixtisaslaşmış müşavirlərin fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. 

Avropa Şurasının ölkə üzrə 2014-2016-cı illər üzrə Fəaliyyət Planınının bir komponenti olaraq, ötən ilin sonundan icrasına başlanılmış “Azərbaycanda penitensiar xidmətin islahatlarına dəstək” adlı layihəyə Ombudsman da tərəfdaş qurum olaraq cəlb olunduğu, layihə üzrə əlaqələndirici qismində Müvəkkilin nümayəndəsi təmsil olunmaqla “Penitensiar sistemdə idarəetmənin inkişafı və tibbi xidmətin professionallığının artırılması istiqamətində işlər aparıldığı vurğulanmışdır.

Aparatın rəhbəri BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bunun məntiqi davamı olaraq təsisatda müvafiq şöbənin və Milli Preventiv Qrupun (MPQ) yaradılması, MPQ tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, penitensiar müəssisələrə, müvəqqəti saxlama yerləri və istintaq təcridxanalarına, miqrantların saxlama yerlərinə, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına keçirilmiş başçəkmələr, verilmiş tövsiyələr və onların icrası vəziyyəti haqqında haqqında qonaqlara geniş məlumat vermişdir. 

Ombudsmanın insan hüquqlarının təmini baxımından bir çox istiqamətlərdə təklif və tövsiyələrinin icrası, habelə korrupsiya ilə mübarizə sahəsində fəaliyyəti, müvafiq sahə üzrə ixtisaslaşmış müşavir təyin etməsi, həmin şəxsin Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yanında fəaliyyət göstərən qanunvericilik üzrə işçi qrupuna üzvü kimi bir sıra normativ hüquqi aktların, dövlət proqramlarının milli fəaliyyət planlarının hazırlanması prosesində yaxından iştirak etməsi və bu istiqamətdə həyata keçirilən hüquqi maarifləndirmə haqqında qonaqlara geniş məlumat verilmişdir.

Görüşdə Ombudsmanın Avropa İttifaqının TWİNNİNG, TAİEX, Şərq Tərəfdaşlığı proqramlarında iştirakı, habelə beynəlxalq əməkdaşlıq çərçivəsində BMT-nin İşgəncələrin qarşısını alınması üzrə Alt Komitəsi (SPT), Avropa Şurasının İşgəncələrə qarşı Avropa Komitəsi (CPT), İşgəncələrin Qarşısının alınması üzrə Assosiasiya (APT) ilə qarşılıqlı əməkdaşlıq etdiyi diqqətə çatdırılmışdır. 

Görüş canlı diskussiya şəraitində davam etmiş və qonaqları maraqlandıran suallar ətraflı cavablanıdırılmışdır.