Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir

17-01-2017 9424 dəfə oxunub
Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir

Xəbər verildiyi kimi, 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşkil etdiyi silsilə tədbirlər Bakıda və regionlarda davam etdirilir.

Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən Quba şəhər 2 və 3 nömrəli tam orta məktəblərində, adı çəkilən rayonun Mərkəzi kitabxanasında, habelə Qusar şəhər Gənclər Evində geniş ictimaiyyət nümayəndələrinin, fəal gənclərin, müəllim və şagirdlərin iştirakı ilə faciəyə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. 

İlk öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirlərdə çıxış edən Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını, habelə böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsinin M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini vurğulamışdır. 

Ombudsman E.Süleymanovanın 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bəyanatının mətni tədbirlərin iştirakçılarının diqqətinə çatdırılmış, qeyd olunan sənədin nüfuzlu beynəlxalq təşkilatlara və müxtəlif ölkələrin ombudsmanlarına göndərildiyi bildirilmişdir.

İştirakçılar bu tədbirlərin təşkilinə görə Müvəkkilə minnətdarlıqlarını bildirmişlər.