Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

20 Yanvar faciəsi ilə bağlı Ombudsmanın təşkil etdiyi silsilə tədbirlər davam etdirilir

14-01-2017 9460 dəfə oxunub
20 Yanvar faciəsi ilə bağlı Ombudsmanın təşkil etdiyi silsilə tədbirlər  davam etdirilir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 20 Yanvar - Ümumxalq Hüzn gününün 27-ci ildönümü ilə bağlı təşkil etdiyi silsilə tədbirlər davam etdirilir.

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən həmin faciə ilə əlaqədar Oğuz rayonunun Yemişənli kəndində, Qəbələ rayonunun Mirzəbəyli kənd və Şəki şəhər 17 saylı tam orta məktəblərdə dövlət və yerli özünüidarəetmə orqanları əməkdaşlarının, kənd sakinlərinin, müəllim və şagirdlərin iştirakı ilə silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir. 

İlk öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirlərdə Şəki Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov çıxış edərək, 20 yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında müvafiq sərəncamın imzalandığını bildirərək, qeyd edilən sənəddə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçıları məlumatlandırmışdır. Həmçinin bildirilmişdir ki, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobud şəkildə pozularaq 27 il əvvəl keçmiş sovet ordusunun hərbi hissələri tərəfindən 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı və Sumqayıt şəhərlərində, həmçinin respublikanın digər bir neçə rayon və şəhərlərində insanlığa qarşı törədilən qırğın nəticəsində 147 silahsız mülki şəxs öldürülmüş, 744 insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 844 nəfər qanunsuz həbs edilmiş və hətta fövqəladə vəziyyət elan edildikdən sonra da 21 nəfər öldürülmüşdür.

Qeyd edilmişdir ki, faciə ilə əlaqədar elə həmin dövrdə Ulu öndər Heydər Əliyev tərəfindən sərt bəyanat verilmiş, günahkarların cəzalandırılması tələb edilmişdir. 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Ümummilli liderimizin təşəbbüsü ilə ilk dəfə olaraq Milli Məclis tərəfindən 20 yanvar tarixi ümumxalq hüzn günü elan olunmuşdur. Qürur mənbəyimizə çevrilmiş həmin hadisələr xalqımızın azadlıq uğrunda mübarizədən heç zaman dönməyəcəyini bütün dünyaya sübut etmişdir.

Müvəkkil Elmira Süleymanova tərəfindən hər il dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarına göndərilmiş bəyanatlarında bu qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına və cinayətkarların cəzasız qalmayacağına ümid edildiyinin vurğulandığı iştirakçıların nəzərinə çatdırılmışdır.

İştirakçılar tərəfindən tədbirlər maraqla qarşılanmış, onların sualları ətraflı cavablandırılmışdır.