Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnsan Hüquqları üzrə Müvəkkil 20 Yanvar - Ümumxalq Hüzn gününün 27-ci ildönümü ilə bağlı tədbirlər təşkil edir

13-01-2017 239 dəfə oxunub
İnsan Hüquqları üzrə Müvəkkil 20 Yanvar - Ümumxalq Hüzn gününün 27-ci ildönümü ilə bağlı tədbirlər təşkil edir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonu Gənclər Evində Ümumxalq Hüzn gününün 27-ci ildönümünə həsr edilmiş “20 Yanvar faciəsi insan hüquqlarının pozulması müstəvisində” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə bir sıra qurumların, yerli ictimaiyyətin nümayəndələri, o cümlədən gənclər iştirak etmişlər.

İlk öncə 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. 

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov 20 yanvar hadisələrinin xalqımıza və bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olması, xalqımızın başına gətirilən bu dəhşətli faciənin ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən kəskin pislənilməsi və dünya ictimaiyyətinə çatdırılması, onun Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra, 1994-cü ildə bu hadisəyə hüquqi-siyasi qiymət verilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. 

Qeyd edilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyası rəhbərlərinin göstərişi ilə tərkibində milliyyətcə erməni zabitlərinin də olduğu xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox bölgəsinə yeridilmişdir. Tanklar və digər zirehli döyüş maşınları dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutmuş, qarşılarına çıxan hər şeyi məhv etmişlər. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar təkcə paytaxtda 140-dan artıq mülki şəxsi amansızcasına öldürmüş, 600-dən çox adam yaralanmış, ölçüyəgəlməz dağıntılar törədilmişdir. 

Həmin faciə zamanı beynəlxalq hüququn hamılıqla tanınmış əsas norma və prinsiplərinin - Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, Silahlı münaqişələr zamanı mülki əhalinin qorunmasına dair Cenevrə Konvensiyalarının kobud şəkildə pozulduğunu vurğulamışdır. 

Ombudsman Elmira Süleymanova tərəfindən hər il dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və müxtəlif ölkələrin ombudsmanlarına 20 Yanvar faciəsi ilə bağlı göndərilən bəyanatların verilməsi iştirakçıların nəzərinə çatdırılmışdır. 

İştirakçılar bu tədbirin təşkilinə görə Müvəkkilə minnətdarlıqlarını bildirmişlər.