Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baxış keçirmişlər

27-02-2017 9217 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baxış keçirmişlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Murad Babayev, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının səlahiyyətli nümayəndəsi kapitan Elşad İbrahimovla birgə Şamaxı rayonunda yerləşən “N” saylı hərbi hissəyə baxış keçirərək, şəxsi heyətin məişət şəraiti ilə tanış olmuş, hüquqi maarifləndirmə işi aparmışlar.

Aparatın əməkdaşları tərəfindən hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına baxış keçirilmiş, hərbi qulluqçuların məişət şəraiti öyrənilmişdir.

Hərbi qulluqçularla rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilmişdir. 

Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, o cümlədən gizir və zabit heyəti ilə keçirilən görüşdə respublikamızda Ombudsman institutunun yaranma tarixi, səlahiyyətləri, hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin fəaliyyəti haqqında məlumat vermişlər. Görüşlər zamanı hərbi qulluqçular arasında nizamnamələrə uyğun rəftarın qurulmasının vacibliyi, həmçinin xalqımıza qarşı törədilmiş Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı məlumat verilmiş, bu soyqırımı törətmiş erməni təcavüzkarlarının doğma torpaqlarımızdan çıxarılmasına, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə hərbi qulluqçularımızın hazır olmalarının əhəmiyyəti xüsusi vurğulanmışdır. Aparatın əməkdaşları tərəfindən tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanmışdır.