Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Quba Regional Mərkəzi Xocalı soyqırımı ilə bağlı növbəti tədbir keçirmişdir

24-02-2017 9537 dəfə oxunub
Ombudsmanın Quba Regional Mərkəzi Xocalı soyqırımı ilə bağlı növbəti   tədbir keçirmişdir

Xəbər verildiyi kimi, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ay ərzində Bakıda və regionlarda təşkil etdiyi silsilə tədbirlər davam etdirilir. 

Bu günlərdə Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən faciə ilə bağlı Quba və Qusar rayonlarında tədbirlər keçirilmişdir. Tədbirlərdə həmin rayonların  icra hakimiyyətlərinin əməkdaşları, milli azlıqların və ictimaiyyətin nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

İlk olaraq Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, respublikamızın Dövlət himni səsləndirilmişdir. 

Quba Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev çıxışında Xocalı faciəsini Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu qeyd etmiş, bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla 613 nəfər Xocalı sakininin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyini, 1275 soydaşmızın girov düşdüyünü, şəhərin yerlə yeksan edildiyini tədbir iştirakçılarına xatırlatmışdır. 

Bildirilmişdir ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilməli, soydaşlarımız zəbt edilmiş torpaqlara – Dağlıq Qarabağa və bitişik ərazilərə qayıtmalıdırlar. Bunu etmək qüdrətində olduğunu Azərbaycan Ordusu bir daha 2016-cı ilin aprel döyüşlərində sübut etmişdir. Habelə ötən ilin dekabr ayında Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Çingiz Qurbanova dövlət başçısı cənab İlham Əliyev tərəfindən Milli Qəhraman adının və ailəsinə mənzil verilməsi də xüsusi qeyd olunmuşdur. 

Ombudsman Elmira Süleymanovanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatının nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarımıza göndərildiyi vurğulanmışdır. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatlarımız tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilmiş konfranslarda və anım mərasimlərində, o cümlədən Norveçdə, Danimarkada, İndoneziyada, Malayziyada və başqa xarici dövlətlərdə, habelə ölkəmizdə keçirilən çoxsaylı silsilə tədbirlərdə Ombudsmanın Bəyanatının səsləndirilərək iştirakçılara paylanıldığı diqqətə çatdırılmışdır. 

Adı çəkilən rayonlardakı tədbirlərdə də həmin Bəyanat səsləndirilmişdir.

Eyni zamanda ermənilər tərəfindən xalqımıza qarşı uzun illər ərzində aparılan soyqırımı siyasətinin sübutu kimi, Qubada 1918-ci ildəki qanlı hadisələr zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktların, kütləvi məzarlığın üzə çıxarılması, orada tapılmış çoxsaylı insan sümüklərinin bu qırğınlar zamanı erməni vəhşiliyini təsdiqləyən əyani dəlillər olması, bu ərazidə mart hadisələri zamanı qətlə yetirilmiş on minlərlə soydaşımızın xatirəsinə ehtiram əlaməti olaraq Quba Soyqırımı Memorial Kompleksinin yaradılması, habelə Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində də ölkəmizin əhalisi və xarici qonaqlar tərəfindən bu Kompleksin ziyarət olunması diqqətə çatdırılmışdır. 

Sonra məktəblilərin Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiyası və əl işləri sərgisi nümayiş olunmuşdur. 

İştirakçılar faciə ilə bağlı silsilə tədbirlərin təşkilinə görə Ombudsmana minnətdarlıqlarını bildirmişlər.