Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirmişlər

22-02-2017 9219 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə   baxışlar keçirmişlər

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində və Daxili Qoşunların Bakı şəhərindəki “N” saylı hərbi hissəsində plan üzrə baxışlar keçirmişlər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olmuşdur.

Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların Ali Hərbi Məktəbinin kursantları və ixtisas artırma keçən zabitlərlə, həmçinin Daxili Qoşunların “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keçirilən görüşlərdə respublikamızda Ombudsman institutunun yaranma tarixi, səlahiyyətləri, hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin fəaliyyəti haqqında məlumat vermişlər. Görüşlər zamanı hərbi qulluqçular arasında nizamnamələrə uyğun rəftarın qurulmasının vacibliyi, həmçinin xalqımıza qarşı törədilmiş Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı məlumat verilmiş, bu soyqırımı törətmiş erməni təcavüzkarlarının doğma torpaqlarımızdan çıxarılmasına, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə hərbi qulluqçularımızın hazır olmalarının əhəmiyyəti xüsusi vurğulanmışdır. Aparatın əməkdaşları tərəfindən tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır. 

Aparatın əməkdaşları tərəfindən Daxili Qoşunların Ali Hərbi Məktəbinin və “N” saylı hərbi hissəsinin bütün obyektlərinə, o cümlədən, hərbi qulluqçuların yataqxanalarına, yeməkxanalarına, ərzaq anbarlarına, tibb məntəqəsinə, həmçinin hərbi şəhərcikdə müasir üslubda tikilib otaqları bütün avadanlıqları ilə birgə istifadəyə verilmiş 1 ədəd onikimərtəbəli və 2 ədəd beşmərtəbəli yaşayış binasına, 40 nəfərlik uşaq bağçasına baxış keçirilmişdir. Hərbi qulluqçulara yaradılmış şərait, onlarla rəftar, qidanın keyfiyyəti müsbət qiymətləndirilmişdir. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissənin rəhbərliyinə müvafiq tövsiyələr verilmişdir.

Görüşlərdə Aparatın əməkdaşlarını Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının səlahiyyətli nümayəndəsi mayor Bədrəddin Əliyev müşayiət etmişdir.

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanmışdır.