Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Xocalı soyqırımı ilə bağlı növbəti tədbirlər keçirmişdir

21-02-2017 9474 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Xocalı soyqırımı ilə bağlı növbəti  tədbirlər keçirmişdir

Xəbər verildiyi kimi, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ay ərzində Bakıda və regionlarda təşkil etdiyi silsilə tədbirlər davam etdirilir. 

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən Biləsuvar rayonu Əliabad bələdiyyəsi, həmin rayon M.Piriyev adına Əliabad kənd tam orta məktəbi və Lənkəran rayonunun Girdəni bələdiyyəsində “Xocalı soyqırımına beynəlxalq humanitar hüquq müstəvisində baxış” mövzusunda silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə bələdiyyə üzvləri, geniş ictimaiyyətin nümayəndələri, müəllim və şagirdlər iştirak etmişlər.

İlk öncə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışlar edərək bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 25 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Xocalı soyqırımı zamanı 613 nəfər insanın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. 

Z.İsmayılov vurğulamışdır ki, Ombudsman tərəfindən hər il Xocalı soyqırımının ildönümü ərəfəsində nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına Bəyanat göndərərək, insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnmiş bu qanlı faciəni törədənlərin cəzalandırılması və hadisəyə hüquqi qiymət verilməsi tələb edilir. 

Silsilə tədbirlərdə Müvəkkilin Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatı səsləndirilmişdir. Respublikamızın xarici ölkələrdəki səfirlikləri və Azərbaycanın diaspor təşkilatları tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilmiş anım mərasimlərində və konfranslarda, habelə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərdə Müvəkkilin Bəyanatının səsləndirildiyi və iştirakçılara paylanıldığı vurğulanmışdır.

İştirakçılar tədbirlərin təşkilinə görə Ombudsmana öz minnətdarlıqlarını bildirmişlər.