Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinə baxışlar keçirilmişdir

17-02-2017 9530 dəfə oxunub
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinə   baxışlar keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Naziri, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı ilə razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrdə görüşlər müntəzəm qaydada davam etdirilir.

Tədbirlər planına uyğun olaraq bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrində görüşlər keçirmişlər.

Görüşlərin əsas məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin öyrənilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun daha da gücləndirilməsinə yönəlmiş maarifləndirmə işinin aparılması olmuşdur.

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrin zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keçirilən tədbirdə çıxış edərək, respublikamızda Ombudsman institutunun yaranma tarixi, səlahiyyətləri, hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin fəaliyyəti haqqında məlumat vermişlər. Görüşdə hərbi qulluqçular arasında nizamnamələrə uyğun rəftarın qurulmasının vacibliyi, həmçinin xalqımıza qarşı törədilmiş Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı məlumat verilmiş, bu soyqırımı törətmiş erməni təcavüzkarlarının doğma torpaqlarımızdan çıxarılmasına, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə hərbi qulluqçularımızın həmişə hazır olmalarının əhəmiyyəti xüsusi vurğulanmışdır. Aparatın əməkdaşları tərəfindən tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.

Tədbir çərçivəsində Ombudsman Aparatının əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, həmçinin hərbi şəhərcikdə müasir üslubda tikilib otaqları bütün avadanlıqları ilə birgə istifadəyə verilmiş 100 mənzilli 2 beşmərtəbəli yaşayış binasına, o cümlədən döyüş gəmilərində şəxsi heyətin məişət şəraitinə, yataq və istirahət yerlərinə, yeməkxanalara, sanitar qovşağa baxış keçirilmişdir.

Hərbi hissələrdə və döyüş gəmilərində şəxsi heyət üçün yaradılmış şərait, onlarla rəftar, qida və müalicə işinin keyfiyyəti, şəxsi heyətlə ideoloji işin  təşkilinin vəziyyəti müsbət qiymətləndirilmişdir. 

Görüşlərdə Aparatın əməkdaşlarını Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi polkovnik-leytenant Əfqan Əliyev müşayiət etmişdir. 

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanmışdır.