Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Ombudsman tərəfindən silsilə tədbirlər təşkil olunmuşdur

31-03-2017 9505 dəfə oxunub
31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Ombudsman tərəfindən silsilə tədbirlər təşkil olunmuşdur

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova hər il olduğu kimi, 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər təşkil etmişdir.

Belə ki, Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu Quşqara kənd tam orta məktəbində, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran rayonunun Girdəni bələdiyyəsində, Astara şəhər 1 saylı, Biləsuvar rayonu M.Piriyev adına Əliabad kənd, Cəlilabad şəhər 1, 2, 4 və 8 saylı tam orta məktəblərində, Şəki Regional Mərkəzi tərəfindən Qəbələ rayonunun Kötüklü kəndində, Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseydə, habelə Quba Regional Mərkəzi tərəfindən Quba şəhərində tədbirlər keçirilmişdir.

Bu tədbirlərdə yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, bələdiyyə üzvləri, ziyalılar, ağsaqqallar, din xadimləri, fəal gənclər, yerli icmaların və milli azlıqların nümayəndələri, müəllim və şagirdlər iştirak etmişlər. 

İlk öncə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxışlarında qeyd etmişlər ki, ermənilərin xalqımıza qarşı törətdiyi qanlı faciələrdən biri də 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. İştirakçılara 31 mart və 1-2 aprel tarixlərində qırğınların kütləvi şəkil alması, silahlanmış erməni əsgərlərinin dinc əhalini amansızcasına qətlə yetirmələri, qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımızın qəddarlıqla öldürülməsi, tarixi binaların, məscidlərin, məktəblərin dağıdılması barədə məlumat verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli Fərmanı ilə bu hadisələrə ilk dəfə siyasi qiymət verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqlarının rəsmi surətdə bəyan edilməsi, habelə digər mühüm məqamlar xüsusi vurğulanmışdır.

Qeyd olunmuşdur ki, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni qatillərinin vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu kompleks ziyarət olunur.

Ombudsman tərəfindən hər il olduğu kimi, bu ildə 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Bəyanat verildiyi, həmin bəyanatın ölkəmizdə yayıldığı, habelə BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi diqqətə çatdırılmışdır.

Silsilə tədbirlərdə Müvəkkil E.Süleymanovanın Bəyanatı səsləndirilmişdir.

İştirakçılar belə əhəmiyyətli tədbirlərin təşkil olunmasına görə Ombudsmana  minnətdarlıqlarını bildirmişlər.