İnsan hüquqlarının təmin olunması və müdafiəsi ilə yanaşı, tələbə və magistrantların səmərəli elmi-tədqiqat təcrübəsi keçməsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın diqqət yetirdiyi məsələlərdəndir.
Ombudsman təsisatında bu gündən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının “İnsan hüquqları” ixtisaslaşması və Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası “Avropa hüquqları” ixtisaslaşması üzrə II kurs magistrantlarının elmi-tədqiqat təcrübəsi başlamışdır.
Magistrantlarının elmi-tədqiqat təcrübəsi zamanı Ombudsman Aparatının məsul əməkdaşları onlara həm nəzəri, həm də praktiki dərslər keçəcək. insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiəsi mexanizmləri, Müvəkkil E.Süleymanovanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, o cümlədən hüquqi maarifləndirmə, elmi-analitik, informasiya təminatı və ictimaiyyətlə əlaqələr, beynəlxalq əməkdaşlıq, habelə qaçqın və məcburi köçkünlərin, miqrantların, uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, hərbi qulluqçuların, məhkumların hüquqlarının müdafiəsi, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində gördüyü işlər, İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə baxışların həyata keçirilməsi, o cümlədən həmin müəssisələrdə insanların saxlanılma şəraiti, onlarla rəftar, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili ilə bağlı başçəkmələr barədə mühazirələr oxuyacaqlar.
Elmi-tədqiqat təcrübəsi keçən magistrantlar təsisatın hər bir struktur bölməsinin işi ilə tanış olacaq, ərizəçilərin qəbulu və vətəndaşların şikayətlərinə baxılması prosesində iştirak edəcək, habelə İnsan hüquqları kitabxanasının fondundakı çoxsaylı hüquqi nəşrlərdən faydalanacaqlar.
Qeyd olunmalıdır ki, Ombudsman Aparatında ümumilikdə 272 tələbə və magistrant elmi-tədqiqat təcrübəsi keçərək xasiyyətnamələr almışlar. Əsas etibarilə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Qafqaz Universitetinin Hüquq, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər, Siyasi idarəetmə, Regionşünaslıq və beynəlxalq münasibətlər, İqtisadiyyat və idarəetmə, Beynəlxalq münasibətlər fakültələrinin tələbə və magistrantları olmuşlar.