Ombudsman yanında fəaliyyət göstərən “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun növbəti 14-cü toplantısı keçirilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi biznes və insan hüquqları kontekstində” mövzusuna həsr olunmuş tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Ombudsman Aparatının, digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, Müvəkkil yanında fəaliyyət göstərən Ekspertlər Şurasının üzvləri, digər QHT və KİV təmsilçiləri də iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının, respublika vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunduğunu qeyd etmişdir.
İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında və daha mütəşəkkil həyata keçirilməsində dövlət proqramları, strategiyalar, milli fəaliyyət planlarının qəbul edilməsinin böyük əhəmiyyətini qeyd edən Müvəkkil, ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının, “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası”nın, o cümlədən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin konstitusion hüquq və azadlıqların, o cümlədən sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi, biznes mühitinin davamlı olaraq təkmilləşdirilməsinin təmin olunması, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi kimi mühüm müddəaların əks olunduğunu bildirmişdir.
Ombudsman hər bir insanın hansı sosial qrupa mənsub olmasından asılı olmayaraq gündəlik həyatında bu və ya digər formada istehlakçı qismində çıxış etdiyini, daim öz yaşayışını təmin etmək üçün müxtəlif mallar aldığını və xidmətlərdən istifadə etdiyini, bu səbəbdən istehlak prosesinin istənilən şəxsin gündəlik həyatının ayrılmaz hissəsi olduğunu qeyd etmişdir.
Qeyd olunmuşdur ki, istehlakçıların hüquqlarının müdafiəsi bir sıra konstitusion hüquqların təmin olunması ilə sıx bağlıdır. Məhz bu sahənin xüsusiyyəti və əhəmiyyəti nəzərə alınmaqla, BMT-nin “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununu qəbul edilmiş, bununla da ölkəmizdə müvafiq münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılması istiqamətində ilkin addımlar atılmışdır.
İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində xüsusi qanunvericilik aktının qəbul edilməsi, bu sahənin daha da təkmilləşdirilməsi və istehlakçıların hüquqlarının müdafiəsini nəzərdə tutan dövlət proqramlarının qəbul olunması istehlakçıların hüquqlarının müdafiəsi və pozuntu hallarında bu hüquqların effektiv bərpası üçün geniş imkanlar yaratmışdır.
Ombudsman sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquqlarının qorunması vəziyyətini daim diqqət mərkəzində saxladığını, aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə əlaqədar təklif və tövsiyələr verdiyini, aidiyyəti qurumlar qarşısında məsələlər qaldırdığını və qanunamüvafiq tədbirlər görüldüyünü bildirmişdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə tədbirin təşkilinə görə Müvəkkilə öz minnətdarlığını bildirmiş, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə yaradılmış Ombudsman təsisatının fəaliyyətini, parlamentlə əməkdaşlığını yüksək dəyərləndirmiş, onun insan hüquqları sahəsində böyük işlər gördüyünü vurğulamışdır. Millət vəkili mövzu üzrə fikir və mülahizələrini diqqətə çatdırmış, bu istiqamətdə fəaliyyətin gələcək perspektivləri barədə məlumat vermişdir.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyevin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Elmar Rzayevin, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun antiinhisar siyasəti, istehlakçıların hüquq və mənafelərinin müdafiəsində müasir yanaşma, idxal və istehsal olunan məhsulların təhlükəsizliyinə nəzarət məsələləri, problemlər və həlli perspektivləri, istehlakçıların hüquqlarının qorunmasında ictimai nəzarətin əhəmiyyəti və xüsusiyyətləri haqqında məruzələri dinlənilmişdir.
Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Rafiq Alışov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Fuad Hümbətov, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev bu aktual mövzuda tədbirin təşkilinə görə ölkə Ombudsmanına minnətdarlıqlarını bildirmiş, təmsil etdiyi qurumların mövzu üzrə həyata keçirdiyi işlər barədə məlumat vermiş, gələcək əməkdaşlıq üzrə fikirlərini bildirmişlər.
Ombudsman səmərəli təkliflər irəli sürmüşdür. Belə ki, istehlakçıların hüquqları ilə bağlı beynəlxalq sənədlərin implementasiyası və milli qanunvericiliyin təkmilləşdirilməsi, bununla əlaqədar olaraq təklif və tövsiyələrin hazırlanması, mərkəz və regionlarda maarifləndirmə tədbirlərinin keçirilməsi, bu işə gənc könüllülərin də cəlb edilməsi, habelə konkret mövzular üzrə şəbəkə şəklində qarşılıqlı əməkdaşlığın, ixtisaslaşmış qrupların və müntəzəm monitorinqlərin təşkili və digər təkliflər bu qəbildəndir.
Tədbirdə bu sahədə fikir mübadiləsi, müvafiq fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gələcək perspektivləri üzrə müzakirələr aparılmış, təklif və tövsiyələr səsləndirilmişdir.