Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Pakistanın ölkəmizə yeni təyin edilmiş səfirini qəbul etmişdir

27-03-2017 9509 dəfə oxunub
Ombudsman Pakistanın ölkəmizə yeni təyin edilmiş səfirini qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri cənab Səid Xan Mohmandı qəbul etmişdir. 

Qonağı salamlayan Müvəkkil onu yeni təyinatı münasibətilə təbrik etmiş, fəaliyyətində uğurlar arzulamış və Ombudsman təsisatı ilə əməkdaşlığın davam etdiriləcəyinə ümidini ifadə etmişdir. 

E.Süleymanova Pakistanın Azərbaycanın strateji tərəfdaşı, həmçinin ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu və bu il iki ölkə arasında əməkdaşlığın 25 illiyinin qeyd olunduğunu diqqətə çatdırmışdır. 

Müvəkkil 2017-ci ilin ölkədə İslam həmrəyliyi ili elan edildiyini nəzərə alaraq bu istiqamətdə əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsinin önəmini qeyd etmiş, həmçinin bu ilin may ayında ölkəmizdə keçiriləcək İslam oyunlarının bu həmrəyliyin daha da möhkəmləndirilməsində əhəmiyyətini vurğulamışdır.

Azərbaycan Ombudsmanının Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) üzvü olduğu diqqətə çatdırılmışdır. 2015-ci ilin noyabr ayında növbəti iki il üçün Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında Azərbaycan Ombudsmanın həmin Assosiasiyanın vitse-prezidenti vəzifəsinə seçildiyi qeyd edilmişdir. 

E.Süleymanova qonağa təsisatın əhalinin müxtəlif təbəqələrinin, o cümlədən həssas qruplarının, xüsusilə də əlilliyi olan şəxslərin, uşaqların və qadınların hüquqlarının müdafiəsi və təşviqi sahəsində görülən işlər, işgəncələrin qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyəti, Müvəkkilin təşəbbüsü ilə hər il Bakıda və ölkənin müxtəlif regionlarında müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların iştirakı ilə geniş miqyaslı maarifləndirmə tədbirlərinin keçirilməsi, həmçinin xarici ölkələrin Ombudsman təsisatları, o cümlədən Pakistan Federal Ombudsmanı ilə qurulan sıx əməkdaşlıq əlaqələri barədə  məlumat vermiş, əlavə etmişdir ki, ötən ilin mart ayında iki təsisat arasında anlaşma memorandumu imzalanmışdır.

Səfir Səid Xan Mohmand Müvəkkilə qəbul üçün təşəkkürünü bildirmiş, Azərbaycanın regionda çox əhəmiyyətli ölkə olduğunu, Pakistanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, ölkə Prezidentləri, həmçinin yüksək rütbəli məmurlar səviyyəsində qarşılıqlı səfərlərin bu əlaqələri daha da möhkəmləndirdiyni qeyd etmişdir.

Müvəkkilin fəaliyyətini yüksək qiymətləndirən səfir, onun rəhbərlik etdiyi qurumun ölkənin inkişafında xüsusi rol oynadığını bildirmişdir.

Cənab Mohmand səmimi qəbul və fikir mübadiləsi üçün Ombudsmana təşəkkür etmiş, Ombudsman təsisatı ilə insan hüquqları sahəsində əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə gələcəkdə də səylərini əsirgəməyəcəyini bildirmişdir.