Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Daun sindromlu uşaqların hüquqlarını diqqətdə saxlayır E.Süleymanova Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə göstərdiyi diqqət, qayğıkeş münasibət və dəstəyə görə Təşəkkürnamə ilə təltif olunmuşdur

18-03-2017 9833 dəfə oxunub
Ombudsman Daun sindromlu uşaqların hüquqlarını  diqqətdə saxlayır  E.Süleymanova Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə göstərdiyi diqqət, qayğıkeş münasibət və dəstəyə görə Təşəkkürnamə ilə  təltif olunmuşdur

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova çoxşaxəli fəaliyyətində digər hüquqlarla yanaşı, əlilliyi olan şəxslərin, o cümlədən Daun sindromlu uşaqların hüquqlarının təmin olunmasını və müdafiəsini daim diqqətdə saxlayır, onlarla görüşərək vəziyyətlərini öyrənir, problemlərinin həllində yardımçı olur. 

Ombudsman 21 mart - Beynəlxalq Daun Sindromu günü və Novruz bayramı ərəfəsində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyinin keçirdiyi “Biz də hamı kimiyik” adlı tədbirdə iştirak etmişdir. “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təşkil olunmuş bu tədbirə habelə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, digər dövlət qurumlarının və QHT-lərin nümayəndələri, uşaqlar və valideynlər qatılmışlar. 

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayevaqonaqları salamlamış, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, rəhbərlik etdiyi təşkilata daim göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir. 

S.Abdullayeva sədri olduğu birliyin fəaliyyəti barədə ətraflı məlumat vermiş, Ombudsmanın bu qəbildən olan uşaq və gənclərin hüquqları ilə bağlı gördüyü işləri vurğulamışdır.

Müvəkkil əlamətdar günlər münasibətilə iştirakçıları təbrik edərək xoş arzularını bildirmiş, bu tədbirə görə təşkilatçılara, o cümlədən Daun sindromlu uşaqların vəziyyətini diqqətdə saxlayan, onların sosial reabilitasiyası sahəsindəki səmərəli işinə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə və bu quruma böyük həvəslə, bacarıqla rəhbərlik edən Sevinc Abdullayevaya fəaliyyətinə görə təşəkkürlər etmişdir. 

O, uşaq hüquqlarının, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirmişdir. Adı çəkilən ictimai birliyin və onun strukturuna daxil olan reabilitasiya mərkəzlərinin ölkəmizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılması, yeni avadanlıqlarla təmin olunması və müasir tərzdə fəaliyyət göstərməsi yüksək qiymətləndirilmişdir. 

Müvəkkil Daun sindromlu şəxslərin yataq, yemək, reabilitasiya otaqlarına, həkim kabinetinə, rəsm dərnəyi, əl işləri, xalçaçılıq, dil və digər kursların yerləşdiyi otaqlara, fənn kabinetlərinə, idman zalına və istirahət guşəsinə baxışlar keçirərək, uşaqlarla və müəllimlərlə görüşmüş, mərkəzin işi ilə ətraflı tanış olmuş, buradakı şəraiti yüksək qiymətləndirmiş və daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr vermişdir. O, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara, o cümlədən Daun sindromlu, serebral iflicdən, auitizmdən əziyyət çəkən uşaqlara qayğı göstərilməsinin, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulamışdır.

E.Süleymanova Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə göstərdiyi diqqət, qayğıkeş münasibət və dəstəyə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin Təşəkkürnaməsi ilə təltif olunmuş və ona xatirə suveniri təqdim edilmişdir.

S.Vəliyeva və A.Qasımov çıxış edərək, tədbirin keçirilməsinə və dəvətə görə təşkilatçılara minnətdarlıqlarını bildirmiş, mövzu ilə bağlı fikirlərini söyləmişlər.

Tədbir çərçivəsində iştirakçılar Daun sindromlu uşaqların rəqslərinə tamaşa etmişlər.