Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ölkə Prezidentinin növbəti əfv sərəncamı icra olunmuşdur: Ombudsman bu prosesdə iştirak etmişdir

17-03-2017 9556 dəfə oxunub
Ölkə Prezidentinin növbəti əfv sərəncamı icra olunmuşdur: Ombudsman bu prosesdə iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 mart 2017-ci il tarixdə imzaladığı, sayca 62-ci olan Əfv sərəncamı üzrə məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlət başçısına ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq 423 məhkum əfv olunmuşdur. 

Qeyd olunmalıdır ki, Ombudsman Elmira Süleymanova fəaliyyət dövrü ərzində özlərinin və ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, növbəti dəfə məhkumların əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciətlər ünvanlamışdır.

E.Süleymanovanın müraciətləri nəzərə alınaraq, sonuncu əfv sərəncamı ilə 48 məhkum, o cümlədən qadın məhkumlar əfv olunmuşdur. Qeyd edilməlidir ki, fəaliyyəti dövründə Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 566 məhkum, o cümlədən yeniyetmələr, qadınlar, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılmışdır.

Ombudsman əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 4, 6 saylı cəzaçəkmə və Müalicə müəssisələrində olmuş, onu Milli Preventiv Qrupunun rəhbəri Rəşid Rumzadə müşayiət etmişdir.

Müvəkkil məhkumları ikiqat bayramlar - əfv olunmaları və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş və xoş arzularını bildirmişdir. O, dövlətimizin humanist siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində 62 əfv sərəncamının imzalandığını, 11 Amnistiya Aktının qəbul olunduğunu, nəticədə isə minlərlə insanın ailələrinə, cəmiyyətə qovuşduğunu yüksək dəyərləndirmişdir.

E.Süleymanova bir çox əfv sərəncamlarının icrasında iştirak etdiyini, amma budəfəki sərəncamın çox fərqli olduğunu, yəni adətən əfv olunanların sayı 100 civarında olurdusa, bu dəfə onların sayı 423 nəfər təşkil etdiyini və bunun əlamətdar hadisə olduğunu vurğulamışdır. Habelə nəzərə çatdırılmışdır ki, budəfəki əfv sərəncamı ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə də şamil olundu.

Qeyd edilmişdir ki, son illərdə müvafiq sahədə qanunvericilik aktları liberallaşdırılmış, penitensiar müəssisələrdə şərait, qida rejimi, cəza çəkən şəxslərə qarşı rəftar, onlara tibbi yardım göstərilməsi və islah olunma prosesində təkmilləşmə müşahidə olunur.

Ombudsman Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamının əhəmiyyətini vurğulamaqla, bu dəfə daha çox məhkumun əfv olunmasının həmin sərəncamın nəticəsi olduğunu söyləmişdir. Bildirilmişdir ki, həmin sərəncam penitensiar sistemin, ümumiyyətlə cəza siyasətinin təkmilləşdirilməsi, humanistləşdirilməsi, habelə cəmiyyətdən təcrid etmədən geniş miqyasda müxtəlif alternativ cəzaların tətbiqini nəzərdə tutur. 

Cinayət-hüquq siyasətinin daha da liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması və cəzaların icrası sahəsində görülən işlər diqqətə çatdırılmışdır.

Müvəkkil azadlığa buraxılanlara ailələrinə və cəmiyyətə, sağlam həyat tərzinə qovuşmağı, dövlətçiliyə sadiq olmağı, faydalı əməklə məşğul olmağı tövsiyə etmişdir. 

Bu müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim edilmişdir. 

Məhkumlar onların hüquqlarını diqqətdə saxladığına və vəziyyətləri ilə maraqlandığına görə Ombudsmana minnətdarlıqlarını bildirmişlər.