Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramının Göygöl rayonunda başlanmasına start verilmişdir

15-02-2017 9439 dəfə oxunub
Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramının Göygöl rayonunda başlanmasına start verilmişdir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir. 2016-2017-ci tədris ilində bu proqram paytaxtdakı hər bir rayonundan, habelə respublikamızın regionlarında – Göygöl, Daşkəsən, Qax, Zaqatala, Siyəzən, Qusar, Neftçala və Astara rayonlarının hərəsindən bir məktəb seçilməklə, ümumilikdə 20 məktəbdə gerçəkləşdirilir. 

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən mərkəzin əhatə etdiyi ümumtəhsil orta məktəblərində 2017-ci il ərzində tətbiq edilməsi nəzərdə tutulmuş Uşaq hüquqları üzrə pilləli tədris proqramının Göygöl rayonunda həyata keçirilməsinə start verilmişdir.

 Göygöl rayonu Quşqara kənd tam orta məktəbdə həyata keçiriləcək bu proqram əsasında pilləli tədrisə başlanılması ilə bağlı Gəncə Regional Mərkəzin əməkdaşları tərəfindən adı çəkilən Rayon İcra Hakimiyyətinin əməkdaşları Babək Rəsulovun və Sərdar Balayevin, rayon Təhsil Şöbəsinin əməkdaşları Salman Balakişiyev və Ələkbər Hüseynovun, məktəb rəhbərliyinin, müəllim və şagird kollektivinin iştirakı ilə tədbir keçirilmişdir. 

Tədbirdə Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tərəfindən şagirdlərə ilk növbədə pilləli tədrisin mahiyyəti və əhəmiyyəti barədə məlumat verilmişdir. İnsan hüquqlarının tarixi, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Müvəkkil tərəfindən uşaq hüquqları sahəsində həyata keçirilən çoxşaxəli fəaliyyət, o cümlədən uşaq zorakılığına qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda Ombudsman təsisatının təşəbbüsü ilə nəşr edilmiş “Uşaq Hüquqlarına dair Pilləli Tədris” dərs vəsaitləri və “Uşaq Hüquqları Konvensiyası” şagirdlərə təqdim edilmişdir.