Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

2017-ci ildə də Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir

14-02-2017 9726 dəfə oxunub
2017-ci ildə də Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir. 

Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. 

2016-2017-ci tədris ilində Uşaq hüquqları üzrə pilləli tədris proqramı paytaxtdakı Binəqədi rayonu 246, Səbail rayonu 7, Sabunçu rayonu 80, Suraxanı rayonu 270, Qaradağ rayonu 319, Nizami rayonu 62, Nərimanov rayonu 177, Yasamal rayonu 153, Nəsimi rayonu 1, Xətai rayonu 254, Xəzər rayonu 136, Pirallahı rayonundakı 243 saylı məktəblərdə, habelə respublikamızın regionlarında – Qax, Zaqatala, Göygöl, Daşkəsən, Siyəzən, Qusar, Neftçala və Astara rayonlarının hərəsindən bir məktəb seçilməklə, ümumilikdə 20 məktəbdə həyata keçirilir. 

Qeyd olunmalıdır ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilir. 

Ombudsman təsisatında hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilir.

Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən proqrama 130-dan çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 7500-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 600-dən çox müəllim və direktor təşəkkürnamə almışdır.