Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşavirini qəbul etmişdir

13-02-2017 9426 dəfə oxunub
Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşavirini  qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul etmişdir. Görüşdə Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov da iştirak etmişdir.

Görüşün məqsədi cari ildə Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında prioritet əməkdaşlıq istiqamətlərinin müzakirəsi olmuşdur. 

Ombudsman BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini bildirmişdir. 

E.Süleymanova BMT QAK-ın və UNİCEF-in ölkəmizdəki müvafiq nümayəndəliklərinin rəhbərləri ilə birgə Füzuli, Gəncə, Goranboy, Göygöl və Bakı ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbələrdə inşa edilmiş orta məktəblərin şagird və müəllimləri üçün BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə silsilə maarifləndirici təlimlərin keçirildiyini diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, gələn il Azərbaycan BMT-nin Universal Dövri İcmal, BMT-nin  İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxaq Pakt, Uşaq Hüquqları Konvensiyası və “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya üzrə müvafiq saziş qurumlarına  hesabatını təqdim edəcək. Müvəkkil bildirmişdir ki, Ombudsman təsisatı sözügedən komitələrə paralel hesabatları hazırlayaraq təqdim edəcək. Bu istiqamətdə regionlarda yerli QHT-ləri də cəlb etməklə geniş maarifləndirmə tədbirlərinin keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. 

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə proritetlərin artıq müəyyən edildiyi və onların icrası istiqamətində işlərin aparıldığı, həmçinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasının BMT-nin Baş Katibi, həmçinin bir sıra beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirildiyi və sözügedən Şuranın görüşlərində Ombudsman təsisatının da fəal iştirak etdiyi diqqətə çatdırılmışdır. 

Digər mühüm istiqamət kimi məhz DİM üzrə geniş maarifləndirmə tədbirlərinin keçirilməsi qeyd edilmişdir. Bu istiqamətdə ilk addım olaraq QHT-lər ilə birgə tədbirin keçirilməsi üzrə razılıq əldə edilmişdir. 

Sonda əməkdaşlıq istiqamətləri üzrə Fəaliyyət planının hazırlanması razılaşdırılmışdır. 

V.Şkolnikov səmimi qəbul və məlumat mübadiləsi üçün Müvəkkilə minnətdarlığını bildirmiş və qaldırılan problemlər üzrə əməkdaşlıqda, xüsusilə regionlarda birgə maarifləndirici tədbirlərin keçirilməsində maraqlı olduqlarını söyləmişdir.