Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Belçikanın Azərbaycandakı səfiri Bert Schoofsu qəbul etmişdir

09-02-2017 297 dəfə oxunub
Ombudsman Belçikanın Azərbaycandakı səfiri Bert Schoofsu qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Belçikanın ökəmizə yeni təyin edilmiş səfiri cənab Bert Schoofsu  qəbul etmişdir.

Müvəkkil qonağı salamlamış, bu görüşün gələcək uzun müddətli əməkdaşlığın başlanğıcı olacağına ümid bəslədiyini bildirmişdir. 

E.Süleymanova qonağa Ombudsman təsisatının yaradılması, çoxşaxəli fəaliyyəti, dörd regional mərkəzi, təsisatın beynəlxalaq əlaqələri haqqında geniş məlumat vermişdir. 

Qeyd edilmişdir ki, Ombudsman haqqında Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklər nəticəsində BMT-nin «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun olaraq, Müvəkkilin Milli Preventiv Mexanizm (MPM) kimi səlahiyyətləri hüquqi baxımdan tənzimlənmişdir. 

Ombudsman 2009-cu ildə MPM qismində müəyyən edildikdən sonra Milli Preventiv Qrupunun (MPQ) yaradıldığını, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara müntəzəm olaraq başçəkmələr həyata keçirdiyini bildirmişdir.

Habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi ilə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa əlavə və dəyişikliklər edilməsi barədə məlumat da diqqətə çatdırılmışdır.

Müvəkkil əlavə etmişdir ki, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyaları da Ombudsmana həvalə edilmişdir. 

Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə üç mühüm strateji sənəd - İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011), milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılmışdır. Sözügedən sənədlərin icrasına sistemli və məqsədyönlü yanaşma əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli müdafiəsinə zəmin yaratmışdır.

Qeyd olunmuşdur ki, Ombudsmanın təşəbbüsü və bilavasitə iştirakı ilə Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə respublikamızın hər bir şəhər və rayonunda yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, yerli icmaların, geniş ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.

Əlavə edilmişdir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Müvəkkilin tövsiyyələri də nəzərə alınmaqla 250-ə yaxın beynəlxalq Konvensiyaya qoşulmuş, milli qanunvericilik bu konvensiyalara uyğunlaşdırılaraq daha da təkmilləşdirilmişdir.

Müvəkkil həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ( DİM) üzrə proritetlərin artıq müəyyən edildiyini və onların icrası istiqamətində işlərin aparıldığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki,  Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması BMT-nin Baş Katibi, həmçinin bir sıra beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilmişdir.

Qonaq faydalı fikir və məlumat mübadiləsinə görə E.Süleymanovaya təşəkkürünü bildirmiş, Belçika və Azərbaycanın oxşar cəhətləri və ortaq dəyərləri haqqında danışmışdır. Bert Schoofs  Ombudsmanın insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirmiş, təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir.

Görüşdə qonağı maraqlandıran suallar ətraflı cavablandırılmışdır.