Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman təsisatı və Beynəlxalq Miqrasiya Təşkilatı arasında cari il üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir

08-02-2017 391 dəfə oxunub
Ombudsman təsisatı və Beynəlxalq Miqrasiya Təşkilatı arasında cari il üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak və BMqT-nin Miqrantlara yardım bölməsinin yeni təyin edilmiş rəhbəri xanım Şarin Tuladhar ilə görüş keçirilmişdir.

Görüşün məqsədi miqrasiya, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində BMqT tərəfindən həyata keçirilən layihələr çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlərin müzakirəsi olmuşdur. 

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları salamlayaraq, ölkə Ombudsmanı Elmira Süleymanovanın insan hüquqları sahəsində həyata keçirdiyi çoxsahəli fəaliyyətin prioritet istiqamətlərindən birinin məhz miqrantların hüquqlarının müdafiəsi sahəsinə aid olduğunu diqqətə çatdıraraq Ombudsman təsisatının bununla bağlı gördüyü işlər barədə qonaqlara ətraflı məlumat vermişdir.

O, beynəlxalq tərəfdaşların tövsiyələrinin yerinə yetirilməsi, bu məqsədlə daim beynəlxalq əməkdaşlığın diqqətdə saxlanıldığını vurğulamışdır. 

Qeyd edilmişdir ki, Müvəkkil və Aparatın əməkdaşları tərəfindən mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlama Mərkəzlərinə baş çəkilərək, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar və problemləri öyrənilir, həmin şəxslərə Ombudsmanın səlahiyyətləri çərçivəsində kömək göstərilir. Səlahiyyətli dövlət orqanlarına təkliflər verildiyi və müsbət nəticələr əldə olunduğu vurğulanmışdır. 

Həmçinin bildirilmişdir ki, Ombudsman təsisatının sözügedən sahədə əsas fəaliyyət istiqamətlərindən biri də maarifləndirmə tədbirlərinin aparılmasıdır. Əlavə edilmişdir ki, Ombudsman təsisatının əməkdaşları tərəfindən insan hüquqlarının müxtəlif sahələri üzrə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, habelə Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində mütəmadi olaraq seminarlar keçirilir. 

A.Səfixanlı bu sahədə çalışan dövlət qulluqçuları üçün insan hüquqlarının müxtəlif sahələri üzrə milli və beynəlxalq standartlar əsasında planlı və ardıcıl təlimlərin həyata keçirilməsi ilə bağlı bir sıra tövsiyələrini qonaqların diqqətinə çatdırmışdır.

BMqT-nin cari ildə ölkə üzrə fəaliyyətinin əsas proritet istiqamətləri haqqında məlumat verən qonaqlar Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırmışlar. 

Görüşdə Ombudsman təsisatı və BMqT arasında əməkdaşlıq sazişinin imzalanması məsələsi də müzakirə edilmişdir. 

Qonaqlar faydalı fikir mübadiləsi və tövsiyələrə görə minnətdarlığını bildirmişlər.