Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə Biləsuvarda tədbir keçirilmişdir

07-02-2017 281 dəfə oxunub
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə Biləsuvarda tədbir keçirilmişdir

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə  müdiri Faiq Ağayev,Ombudsmanın Cəlilabad Regional  Mərkəzinin rəhbəri  Ziya İsmayılov, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və bu təşkilatın nəzdindəki Liderlik məktəbinin üzvləri, liseyin kollektivi iştirak etmişlər.

İlk öncə iştirakçılar Mübarizin əziz xatirəsini yad etmiş, ehtiramlarını bildirmişlər.

Lisey-Məktəbin direktoru Bəhruz Mehdiyev tədbirin məqsəd və məramını açıqlamış, Milli Qəhrəmanın həyatı barədə danışmış, şagirdlərə tövsiyələrini vermişdir. 

Ombudsmanın nümayəndəsi F.Ağayev çıxış edərək, Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, ad günü qeyd edilən Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirmişdir. Öz şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazmış qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığı nəzərə çatdırılmışdır. Bu igid gizirin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyü vurğulanmışdır.

Qeyd olunmuşdur ki, Müvəkkil Elmira Süleymanova hərbi qulluqçularla, gənclər və yeniyetmələrlə görüşlərində hər zaman Mübariz İbrahimovun qəhrəmanlığından danışır, onun Vətənin keşiyində duran əsgər və zabitlər üçün örnək olduğunu qeyd edir, öz şəxsi nümunəsi ilə böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsinə, yurdumuzun müdafiəçilərinin döyüş ruhunun, əzmkarlığının artmasına töhfələr verdiyini diqqətə çatdırır, onun valideynləri ilə ünsiyyət saxlayır.

Habelə bildirilmişdir ki, Xocalı soyqırımının 25-ci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, müvafiq tədbirlər planı təsdiq edilmiş və artıq icra olunaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Həmin Sərəncamla əlaqədar olaraq, E.Süleymanova Xocalı soyqırımı ilə bağlı bu ay ərzində Bakıda və regionlarda silsilə tədbirlər təşkil edir. Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatı ölkəmizdə yayılmış, habelə nüfuzlu beynəlxalq təşkilatlara və müxtəlif ölkələrin ombudsmanlarına göndərilmişdir. Qeyd olunmuşdur ki, Ombudsmanın rəsmi saytında “Xocalı 25” bölməsi yaradılmış, həmin bölmədə Xocalı soyqırımı ilə bağlı məlumatlar və film, Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamı və bu sənədə əsasən müvafiq tədbirlər planı barədə məlumatlar, Müvəkkilin bəyanatı  yerləşdirilmişdir.

Sonra Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri şəhidin adını daşıyan Lisey-Məktəb kompleksinin şagirdləri ilə birlikdə qəhrəmana həsr olunmuş şeirlər, hekayələr söyləmiş, ədəbi-bədii kompozisiyalarla çıxış etmişlər. 

Tədbir çərçivəsində həmin Lisey-Məktəbə şagirdlərin qəbulu mərasimi keçirilmiş, qəbul olunan uşaqlar and içmişlər.

Ombudsmanın nümayəndələri daha sonra adı çəkilən Şəbəkənin üzvləri ilə birlikdə şəhidin doğulduğu Əliabad kəndində onun ailəsini ziyarət etmiş, valideynləri, yaxınları ilə görüşmüş, ev muzeyində olmuşlar.