Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

01-02-2017 236 dəfə oxunub
Ombudsman tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Məlum olduğu kimi, Xocalı soyqırımının 25-ci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, müvafiq tədbirlər planı təsdiq edilmiş və artıq icra olunaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Həmin Sərəncamla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Xocalı soyqırımı ilə bağlı növbəti ay ərzində Bakıda və regionlarda təşkil edəcəyi silsilə tədbirlər üzrə toplantı keçirmişdir.

İlk öncə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. 

Ombudsman çıxış edərək, XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında danışmış, hər il olduğu kimi, Azərbaycan həqiqətlərinin, haqq işimizin, ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yorulmadan fəaliyyət göstərilməsinin, informasiya-təbliğat sahəsində mübarizənin davam etdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamı, Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı barədə ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, Ümummilli liderimiz Heydər Əliyev ilk dəfə olaraq Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir. 

Artıq 14 ölkə Parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımış və ABŞ-ın 21 ştatının qanunverici orqanlarında müvafiq qətnamələr qəbul olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, Ombudsman təsisatının Tədbirlər planına əsasən, Müvəkkil tərəfindən qarşıdakı bir ay müddətində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı paytaxtda və regionlarda Aparatın və Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşlarının iştirakı ilə silsilə dəyirmi masaların, konfransların, seminarların, sərgilərin və digər tədbirlərin təşkil edilərək keçiriləcəyi nəzərdə tutulur. Bu tədbirlərə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyətinin, QHT-lərin, icmaların, KİV-lərin, təhsil müəssisələrinin nümayəndələri, gənclər və məktəblilər cəlb olunacaqlar. 

Sonra Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatı səsləndirilmişdir. Bəyanat ölkəmizdə yayılmış, habelə xaricdə BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmiş və  tövsiyə olunmuşdur ki, Xocalı soyqırımı ilə bağlı əlavə məlumatları Ombudsmanın rəsmi saytında yaradılmış “Xocalı 25” bölməsindən əldə edə bilərlər.

Qeyd olunmalıdır ki, Ombudsmanın saytında “Xocalı 25” bölməsi yaradılmış, həmin bölmədə Xocalı soyqırımı ilə bağlı məlumatlar və film, Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamı və bu sənədə əsasən müvafiq tədbirlər planı barədə məlumatlar, Müvəkkilin bəyanatı  yerləşdirilmişdir.