Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsində məhkumları qəbul etmişdir

13-03-2017 9439 dəfə oxunub
Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsində məhkumları qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində məhkumların, o cümlədən qadın məhkumların hüquqlarının müdafiəsi mühüm yer tutur. Bu məqsədlə Penitensiar müəssisələrə müntəzəm olaraq baxışlar, saxlanılan şəxslərlə görüşlər keçirilir.

13 mart 2017-ci il tarixdə Ombudsman Elmira Süleymanova Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti dəfə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində (CÇM) olmuş və açıq qapı keçirərək məhkum qadınları qəbul etmişdir. 

Qəbulda məqsəd saxlanılma şəraitinin və rəftarın, bu cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi, müraciətlərinin yerində qəbulu və araşdırılması olmuşdur.

Ombudsman tərəfindən həmin müəssisədə çoxsaylı məhkum qadın fərdi qaydada dinlənilmiş, ərizə və müraciətlərinə baxılmış və bəziləri yerində təmin edilmişdir. Bunlarla yanaşı məhkumların müraciətlərində yer alan istintaq, ekstradisiya, cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə məsələlər qanunvericiliyə uyğun şəkildə cavablandırılmış, onlara hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmişdir. 

Qəbul zamanı sosial və ailə məsələlərinin həlli ilə bağlı müraciətlər üzrə qadınlara hüquqi məsləhətlər verilmiş və Müvəkkil səlahiyyətləri çərçivəsində ərizələr üzrə, habelə qaldırılan məsələlərin həlli istiqamətində yardımçı olacağını bildirmişdir.

Söhbət aparılan məhkum qadınlar müəssisədə saxlanma şəraitindən, onlara qarşı rəftardan, verilən qidanın keyfiyyətindən və göstərilən tibbi xidmətdən narazılıq etməmişlər. 

Ombudsman dövlətimizin humanizm siyasətinə uyğun olaraq mütəmadi olaraq əfv sərəncamlarının verildiyini, amnistiya aktlarının qəbul olunduğunu söyləmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamının əhəmiyyətini vurğulamaqla, cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində görülən işlərlə bağlı geniş məlumatlandırma işi aparmışdır.

Məhkum qadınlar onların hüquqlarını diqqətdə saxladığına və onların vəziyyəti ilə maraqlandığına görə Müvəkkilə minnətdarlıqlarını bildirmişlər.

Yekunda Müvəkkil məhkumların hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə müvafiq söhbətlər aparmış və öz tövsiyələrini vermişdir.