Bu günlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda tütünlə mübarizə üzrə qanunvericiliyin gücləndirilməsi” layihəsi ilə bağlı Texniki Məsləhətçi Qrupun (TMQ) 4-cü iclası keçirilmişdir.
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi haqqında Səhiyyə Nazirliyinin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə keçirlən həmin tədbirdə İSİM, aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri, habelə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının TMQ-nın üzvü olan əməkdaşları Yeganə Cəfərova və Müqalib Mahmudov iştirak etmişlər.
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri, layihənin əlaqələndiricisi Tofiq Musayev iclasın məqsəd və vəzifələri, həyata keçirilməsi planlaşdırılan işlər barədə məlumat vermişdir.
Daha sonra “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Qanun layihəsinin müzakirəsi üçün Milli Məclisdə təşkil edilməsi nəzərdə tutulmuş dəyirmi masanın, layihə çərçivəsində “2-ci kütləvi maarifləndirmə aksiyası”nın (ictimai yerdə) və digər aksiyaların (sosial şəbəkələrdə müzakirələr və 1-ci Online Aksiya), eyni zamanda “İctimai Televiziya kanalında 1-ci debat”ın və “Tütünlə mübarizənin dəstəklənməsinə dair əhali arasında Rəy Sorğusu”nun keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Ombudsmanın nümayəndələri müzakirələr zamanı mövzu üzrə çıxış edərək Müvəkkil Elmira Süleymanovanın əhalinin sağlamlıq hüquqlarının qorunması sahəsindəki fəaliyyəti barədə məlumat vermişlər.
Tədbirdə kompleks təbliğat tədbirlərinin həyata keçirilməsini, qapalı məkanlarda siqaret çəkən insanlara qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada cəza tədbirlərinin tətbiq edilməsi və bunun səmərəli icrası üçün zəruri mexanizmlərin işlənib hazırlanması, siqaretin zərərli təsirləri, siqaret çəkən insanların ictimai qınaq obyektinə çevrilməsi üçün cəmiyyətdə maarifləndirmə tədbirlərinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin vacib olduğu vurğulanmışdır.
Tədbirin təşkilatçıları insan sağlamlığı, xüsusilə də uşaqlar üçün təhlükə mənbəyi olan tütünlə mübarizə kompaniyasına verdiyi dəstəyə görə Ombudsmana minnətdar olduqlarını bildirmişlər.