Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsman İnstitunun nümayəndələri Türkiyənin Ankara şəhərində keçirilən Ombudsmanların 4-cü Beynəlxalq Simpoziumunda Xocalı Soyqırımı ilə bağlı çıxış etmişlər

06-03-2017 9423 dəfə oxunub
Azərbaycan Ombudsman İnstitunun nümayəndələri Türkiyənin Ankara şəhərində keçirilən Ombudsmanların 4-cü Beynəlxalq Simpoziumunda Xocalı Soyqırımı ilə bağlı çıxış etmişlər

Bu yaxınlarda Azərbaycan Ombudsman İnstitutunun əməkdaşları Zaur Vəliməmmədli və Turan Cahangirova Türkiyənin Ankara şəhərində keçirilən Ombudsmanların 4-cü Beynəlxalq Simpoziumunda Türkiyə Respublikası Ombudsmanının rəsmi dəvəti ilə iştirak etmişlər. Beynəlxalq Ombudsmanlar İnstitunun rəhbərinin, Avropa Ombudsmanının, BMT, Avropa İttifaqı və s. nüfuzlu beynəlxalq təşkilatlarla yanaşı otuzdan çox xarici ombudsman təsisatının təmsil olunduğu tədbir Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanın açılış nitqi ilə öz işinə başlamışdır. 

Simpoziumun mövzusu son illərdə dünyada baş verən müharibə və hərbi münaqişələr nəticəsində öz yerlərindən didərgin düşmüş miqrant və qaçqınların problemlərinə həsr olunmuşdur. Tədbirdə iştirak edən beynəlxalq təşkilatların nümayəndələri mövzu ilə bağlı çıxışlar etmiş, xarici ölkələrin ombudsman və ya nümayəndələri bu problemlə bağlı öz təcrübələrini bölüşmüşlər. Z. Vəliməmmədli tədbirdə çıxış edərək Azərbaycan Ombudsmanı xanım Elmira Süleymanovanın təbrik və salamlarını Türkiyənin yeni seçilmiş Ombudsmanı cənab Şərəf Malkoça çatdırmış, daha sonra isə Azərbaycan Ombudsmanının əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barəsində tədbir iştirkaçılarına məlumat vermişdir. O, son illərdə dünyada hərbi münqişələr üzündən doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan insanların kütləvi şəkildə hüquqlarının pozulduğuna diqqət çəkərək  inkişaf etmiş ölkələrin o cümlədən, nüfuzlu beynəlxalq təşkilatların bu problemə ciddi diqqətin ayırmasının vacibliyini vurğulamışdır. 

Z.Vəliməmmədli eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və yeddi ətraf rayonunun  Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildirmiş, bunun nəticəsində sözü gedən ərazilərdə yaşayan azərbaycanlıların öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığını, hazırda bir milyon qaçqın və məcburi köçkün soydaşımızın paytaxt Bakı şəhərində və ölkənin müxtəlif rayonlarında yerləşdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhərində sırf etnik mənşəyinə görə çoxu qadın, uşaq və yaşlılardan ibarət olan insanların kütləvi şəkildə soyqırıma məruz qaldığını bildirmiş və bu hadisə ilə bağlı kifayət qədər dəlil və sübutlar olmasına baxmayaraq beynəlxalq ictimaiyyət tərəfindən hələ də bu hadisəyə lazımi hüquqi qiymətin verilmədiyini təəssüflə qeyd etmişdir. O, Azərbaycan Ombudsmanının dəfələrlə Xocalı soyqırımı və ölkəmizin işğal olunmuş əraziləri ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasına həm şifahi həm də yazılı bəyanatlar təqdim etməsindən danışmış, Ombudsmanın beynəlxalq ictimaiyyətə bu haqsızlığa son qoyulması ilə bağlı çağırışlar etdiyini vurğulamışdır. 

Azərbaycan Ombudsman İnstitutunun BMT-nin Milli İnsan Hüquqları İnstitutları üzrə Qlobal alyansının ən yüksək status olan A statuslu üzvü olduğunu qeyd edən Z.Vəliməmmədli Ombudsman İnstitutlarına verilən bu statusun onların müstəqil fəaliyyətinin bir göstəricisi olduğunu və belə təsisatların universal hüquqlar olan insan hüquqlarının tam şəkildə müdafiəsində olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır. 

Tədbirdə Aparatın digər əməkdaşı T.Cahangirova iştirakçılara təsisata daxil olan şikayətlərin sayı və onlara baxılması qaydaları barəsində, həmçinin qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı Ombudsmanın fəaliyyəti haqqında məlumat vermişdir.