Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları seminarda çıxış etmişlər

03-03-2017 9140 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları seminarda çıxış etmişlər

3 mart 2017-ci il tarixində Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq çərçivəsində Aİ-nin maliyyə dəstəyi ilə icra olunan və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsi dövlət qurumlarının və digər tərəfdaş təşkilatlarının qadın heyəti üçün miqrasiya və gender məsələlərinə dair “Qadın miqrantların problemlərinin diqqət mərkəzində saxlanıldığı miqrasiya və gender məsələləri arasında əlaqə” mövzusunda xüsusi seminar keçirilmişdir. 

Miqrasiya və gender məsələləri üzrə ixtisaslaşmış beynəlxalq və milli qadın ekspertlər və MSİBM tərəfindən həyata keçirilən seminarda MOBILAZE layihəsinin tərəfdaş dövlət qurumları və təşkilatlarının (Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və b.) nümayəndələri iştirak etmişlər. Seminarda həmçinin Ombudsman Aparatının əməkdaşları Lamiyə Zeynalova və Gülnar Rəhimova iştirak etmişlər. 

Təşkil olunmuş seminar miqrasiya və gender problemlərini nəzəri perspektivdən həll edərkən yanaşmaları və tendensiyaları təqdim etmək, həmçinin Azərbaycanlı qadın emiqrantların və geri qayıdanların, habelə ölkədəki (qeyri-Azərbaycan vətəndaşları) qadın immiqrantların vəziyyətini müzakirə etmək məqsədini daşıyırdı. 

Müzakirələr zamanı Ombudsman Aparatının əməkdaşları öz çıxışlarında Avropa Komissiyası və BMT QAK tərəfindən birgə maliyyələşdirilən “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) layihəsi çərçivəsində Müvəkkil aparatının, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə 2016-cı ilin fevral-may ayları ərzində keçirilən silsilə tədbirlər, Müvəkkilin bu sahədə fəaliyyəti barədə geniş məlumat vermişlər.

Tədbirin sonunda qurumlar arasında uğurlu əməkdaşlığın davamlı olmasının vacibliyi vurğulanmışdır.