Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

01-12-2017 9283 dəfə oxunub
Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar silsilə  tədbirlər keçirilmişdir

Ombudsmanın Cəlilabad Regional Mərkəzi həmin Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 2.7-ci bəndində Əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsini əsas tutaraq, 1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günü ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı, həmin rayonun Tibb Məktəbi, 1 saylı təbiət fənlər təmayüllü məktəb-lisey, Ş.İ.Xətai adına 4 saylı tam orta məktəb, 8 saylı humanitar fənlər təmayüllü məktəb-lisey, Göytəpə şəhər 1 və 2 saylı tam orta məktəblərdə, Gəncə Regional Mərkəzi Samux rayonu Heydər Əliyev Mərkəzində və Şəmkirdəki Nizami adına orta məktəbdə, Şəki Regional Mərkəzi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin yerli İİV-Diaqnostika Laboratoriyası ilə birgə Şəki Dövlət Regional Kollecində, habelə Müvəkkilin Quba Regional Mərkəzi silsilə maarifləndirmə tədbirləri keçirmişlər.

Həmin tədbirlərdə yerli icra hakimiyyəti orqanlarının, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və regional laboratoriyalarının, digər dövlət qurumlarının nümayəndələri, QHT və gənclər təşkilatlarının təmsilçiləri, çoxsaylı müəllim, tələbə və şagirdlər iştirak etmişlər.

Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxışlar edərək insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin ağır sosial-iqtisadi nəticələri, bununla bağlı ölkəmizdəki vəziyyət və görülən tədbirlər, Müvəkkil Elmira Süleymanovanın əhalinin müxtəlif qrupları, xüsusilə də uşaq və gənclər arasında sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində fəaliyyəti barədə geniş məlumat vermişlər. Onlar bu mövzunun daim Ombudsmanın diqqət mərkəzində olduğunu bildirmiş, QİÇS və insan hüquqları, insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin yayılmasının qarşısının alınması, habelə həmin xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikası qanunlarının mühüm müddəalarını diqqətə çatdırmışlar.

Regional mərkəzlərin rəhbərləri fəal təlim metodlarından istifadə etməklə, tədbir iştirakçıları üçün maarifləndirici vərəqələr, öyrədici suallar və mövzuya aid mətnlər tərtib edərək onlara təqdim etmişlər. Mövzunun müzakirə olunması və materialların paylanması iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

Tədbirlərdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və regional laboratoriyalarının nümayəndələri həmin xəstəliklə mübarizə sahəsində ölkəmizdə görülən işlər və yaradılan imkanlar barədə geniş məlumat vermişlər. 

İştirakçılar belə tədbirlərin keçirilməsinin əhəmiyyətini söyləmiş və bunların təşkilinə görə Müvəkkilə dərin minnətdarlıqlarını bildirmişlər.

Yeri gəlmişkən, Ombudsmanın uşaq resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində də adı çəkilən mövzu ilə əlaqədar tədbir keçirilmiş, burada uşaqların çoxsaylı sualları Müvəkkilin nümayəndələri tərəfindən ətraflı cavablandırılmışdır.