Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Daun sindromlu uşaqları da diqqətdə saxlayır

03-12-2016 9397 dəfə oxunub
Ombudsman Daun sindromlu uşaqları da diqqətdə saxlayır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova digər hüquqlarla yanaşı, əlilliyi olan insanların, o cümlədən Daun sindromlu şəxslərin hüquqlarının təmin olunmasını və müdafiəsini daim diqqətdə saxlayır, onlarla görüşərək vəziyyətlərini öyrənir, problemlərinin həllində yardımçı olur. 

Ombudsman 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyinin keçirdiyi tədbirdə iştirak etmişdir. 

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayeva Müvəkkil Elmira Süleymanovanı, Milli Məclisin deputatı Sədaqət Vəliyevanı, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilovanı, habelə uşaqları, valideynləri, bütün iştirakçıları salamlamışdır. O, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, rəhbərlik etdiyi təşkilata daim göstərilən diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir. 

S.Abdullayeva birliyin fəaliyyəti barədə ətraflı məlumat vermiş, Ombudsmanın bu qəbildən olan uşaq və gənclərin hüquqları ilə bağlı gördüyü işləri vurğulamışdır.

Müvəkkil bu tədbirə görə təşkilatçılara, o cümlədən Daun sindromlu uşaqların vəziyyətini diqqətdə saxlayan, onların sosial reabilitasiyası sahəsindəki səmərəli işinə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə və bu quruma böyük həvəslə, bacarıqla rəhbərlik edən Sevinc Abdullayevaya fəaliyyətinə görə minnətdarlığını bildirmişdir. 

O, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin diqqətdə saxlanıldığını, onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirmişdir. Adı çəkilən ictimai birliyin və onun strukturuna daxil olan reabilitasiya mərkəzlərinin Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılması, yeni avadanlıqlarla təmin olunması və müasir tərzdə fəaliyyət göstərməsi yüksək qiymətləndirilmişdir. 

Qeyd olunmuşdur ki, bu qəbildən olan insanların reabilitasiyası sahəsində həyata keçirilən tədbirlər onların cəmiyyətə inteqrasiyasına və ölkəmizdə inklüziv cəmiyyətin qurulmasına xidmət edir.

 Ombudsman Daun sindromlu şəxslərin reabilitasiya mərkəzinə mütəmadi başçəkmələr həyata keçirdiyini, bu zaman orada yemək, yataq, reabilitasiya otaqlarına, həkim kabinetinə, rəsm dərnəyi, əl işləri, xalçaçılıq və digər kursların yerləşdiyi otaqlara, fənn kabinetlərinə, idman zalına və istirahət guşəsinə baxışlar keçirərək müvafiq tövsiyələr verdiyini söyləmişdir. O, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara, o cümlədən Daun sindromlu, serebral iflicdən əziyyət çəkən uşaqlara qayğı göstərilməsinin, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulamışdır.

Sonra iştirakçılar Daun sindromlu uşaqların rəqslərinə tamaşa etmiş, onlara əyləncəli nömrələr göstərilmiş, təşkilatçılar tərəfindən uşaqlara hədiyyələr paylanmışdır.