Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

BMT-nin İşgəncələrə qarşı Konvensiyasının Fakültativ Protokolunun qüvvəyə minməsinin 10 illiyi ilə bağlı silsilə tədbirlər davam etdirilir

07-11-2016 208 dəfə oxunub
BMT-nin İşgəncələrə qarşı Konvensiyasının Fakültativ Protokolunun qüvvəyə minməsinin 10 illiyi ilə bağlı silsilə tədbirlər davam etdirilir

Bu günlərdə Ombudsmanın Şəki Regional Mərkəzində həmin şəhər İcra Hakimiyyəti, şəhər-rayon polis şöbəsi, Şəki Penitensiar Müəssisəsi, Qarışıq tipli uşaq evi, İnteqrasiya təlimli internat tipli gimnaziya, habelə Rayonlararası psixiatriya xəstəxanası nümayəndələrinin və Şəki Dövlət Regional Kolleci tələbələrinin iştiraki ilə BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın Fakültativ Protokolunun 10 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. 

  Tədbirdə Şəki Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov çıxış edərək, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokoluna qoşulduqdan sonra, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamı əsasında MPM funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən edildiyini, bu səlahiyyətlərlə bağlı 24 iyun 2011-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklərin edildiyi, habelə MPM mandatı çərçivəsində görülmüş işlər, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, Ombudsmanın təklif və tövsiyələrinin, başçəkmələr əsasında verilmiş tövsiyələrin icra vəziyyəti, hüquqi maarifləndirmə tədbirləri haqqında danışmışdır. 

  Müvəkkil tərəfindən dövlət qurumlarına insan hüquqlarının effektiv təmini baxımından verilmiş çoxsaylı təkliflər əsasında bu qəbildən olan müəssisələrdə həyata keçirilən islahatlar, rəftar məsələləri, saxlanılma şəraitinin təkmilləşdirilməsi, müraciətlərin effektiv təmini, habelə qanunvericiliyin təkmilləşdirilməsinə verilmiş töhfələr mərhələli şəkildə təqdimat əsasında tədbir iştirakçılarına nümayiş etdirilmiş, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq çərçivəsində görülmüş işlər barədə məlumat verilmiş, həmçinin Ombudsmanın 24 saat ərzində fəaliyyət göstərən İşgəncələr əleyhinə və Uşaq hüquqları üzrə qaynar xətlərinin nömrələri iştirakçıların diqqətinə çatdırılmışdır.

  Tədbirdə iştirak edən Şəki Şəhər İcra Hakimiyyətinin, şəhər-rayon polis şöbəsinin, burada yerləşən Penitensiar müəssisənin, Qarışıq tipli uşaq evinin, İnteqrasiya təlimli internat tipli gimnaziyanın, habelə Rayonlararası psixiatriya xəstəxanasının məsul şəxsləri mövzu ilə əlaqədar fikir və münasibətlərini bildirmiş, belə tədbirlərin təşkilinə görə Ombudsmana minnətdarlıq etmişlər.

  Fakültativ Protokolunun qüvvəyə minməsinin 10 illiyinə həsr edilmiş silsilə tədbirlər Ombudsmanın Gəncə, Cəlilabad və Qubada yerləşən regional mərkəzləri tərəfindən də respublikanın regionlarında davam etdirilməkdədir.