Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin üzvləri və tələbələrlə görüş keçirilmişdir

16-12-2016 9278 dəfə oxunub
Ombudsman Aparatında “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin üzvləri  və tələbələrlə görüş keçirilmişdir

İnsan hüquqlarının müdafiəsi və həyata keçirilməsi ilə yanaşı, hüquqi maarifləndirmə, o cümlədən Ombudsman Aparatında tələbələrlə görüşlər, burada onların səmərəli elmi-tədqiqat təcrübəsi keçməsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqət yetirdiyi məsələlərdəndir.

Ombudsman Elmira Süleymanova “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin və  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bir qrup tələbəsi ilə görüş keçirmişdir. 

Müvəkkil tələbələri salamlamış, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmişdir. O, bu il müstəqilliyinin 25 illiyini qeyd etdiyimiz ölkəmizin memarı və ilk Konstitusiyamızın müəllifi olan Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi islahatların həyata keçirildiyini, Konstitusiyamızın üçdə bir hissəsinin insan hüquq və azadlıqlarına həsr olunduğunu, dövlətimizin beynəlxalq konvensiyalara qoşulduğunu bildirmiş,  bu islahatların bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. 

Müvəkkil ölkəmizdə Ombudsman təsisatının yaranması, mandatı, səlahiyyətləri və insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, beynəlxalq və hüquqi maarifləndirmə tədbirləri, habelə təsisatın BMT-nin Beynəlxalq Əlaqələndirmə Komitəsinin (BƏK) “A” statusuna malik olduğu və Paris Prinsiplərinə uyğun, müstəqil fəaliyyət göstərdiyi barədə ətraflı məlumat vermişdir. 

Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə üç mühüm strateji sənəd - İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011), milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılmışdır. 

Qeyd olunmuşdur ki, Ombudsmanın təşəbbüsü və bilavasitə iştirakı ilə Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə respublikamızın hər bir rayonunda yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, yerli icmaların, geniş ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.

Ombudsman tələbələrə həm nəzəri, həm də praktiki biliklər verərək, insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiəsi mexanizmləri, hüquqi maarifləndirmə, elmi-analitik, informasiya təminatı və ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr sahəsində fəaliyyəti, habelə qaçqın və məcburi köçkünlərin, miqrantların, uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, hərbi qulluqçuların, məhkumların hüquqlarının müdafiəsi, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində gördüyü işlər, İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə baxışların həyata keçirilməsi, o cümlədən həmin müəssisələrdə insanların saxlanılma şəraiti, onlarla rəftar, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili ilə bağlı başçəkmələr barədə danışmış, tələbələrin çoxsaylı suallarını cavablandırmışdır.

E.Süleymanova həmçinin gələcək fəaliyyət istiqamətləri və prioritetlər haqqında məlumat vermiş, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq təşkilatlara əməkdaşlıq və digər sahələrdə əlaqələndirilmiş fəaliyyət göstərəcəyini bildirmişdir.

O, tələbələrə hüquq elminin dərinliklərinə yiyələnərək gələcəkdə dövlətimizin inkişafı, insan hüquqlarının təmin olunması istiqamətində çalışmağı, həmçinin Xocalı soyqırımının 25-cı ildönümü ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəallıq göstərməyi tövsiyə etmişdir. 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin təmsilçiləri və tələbələr görüş və onlar üçün yaradılmış şəraitə görə Ombudsmana təşəkkürlərini bildirmişlər. 

Tələbələrə Ombudsman haqqında Konstitusiya Qanunu, adı çəkilən Milli Fəaliyyət Proqramlarının nüsxələri və Ombudsman haqqında bukletlər təqdim olunmuşdur.