Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi maarifləndirmə tədbirində təlimçi kimi iştirak etmişdir

19-12-2016 9964 dəfə oxunub
Ombudsmanın nümayəndəsi maarifləndirmə tədbirində  təlimçi kimi iştirak etmişdir

Azərbaycanda media sahəsinin inkişafına dəstək göstərən humanitar təşkilat olan “İnternyus – Azərbaycan” İctimai Birliyi tərəfindən Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Hüquqi dövlətdə vətəndaş cəmiyyətinin hüquqi məsuliyyəti” mövzusunda seminar keçirilmişdir.

Cəmiyyətin QHT–lər vasitəsilə insan hüquqları sahəsində qanunvericilik və dövlət proqramları barədə maarifləndirilməsi, vətəndaş cəmiyyətinin hüquqi məsuliyyəti, QHT-lərin sosial media resurslarına inteqrasiyasının gücləndirilməsi məqsədilə paytaxtda və regionlarda fəaliyyət göstərən QHT nümayəndələri üçün təşkil edilmiş həmin tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşı Müqalib Mahmudov təlimçi kimi iştirak etmişdir. 

İnsan hüquqları sahəsində mühüm əhəmiyyət kəsb edən  beynəlxalq və milli qanunvericilik aktları, dövlət proqramları, o cümlədən strategiyalar, konsepsiyalar milli fəaliyyət plan və proqramları, onların icrası vəziyyəti, Ombudsman Elmira Süleymanovanın bu sahədə həyata keçirdiyi genişmiqyaslı fəaliyyəti barədə tədbir iştirakçılarına ətarflı məlumat verilmişdir. 

Azərbaycan Respublikasının Konstitusiyasında, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda, BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiyalarında, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda və başqa bu kimi mühüm sənədlərdə  təsbit olunmuş insan hüquq və azadlıqları ilə bağlı müddəaların həyata keçirilməsində vətəndaş cəmiyyətinin də mühüm rola malik olduğu diqqətə çatdırılmışdır.

Ombudsman Aparatı ilə vətəndaş cəmiyyəti arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu, təsisatda QHT nümayəndələrindən ibarət tərkibdə Ekspertlər Şurasının, Biznes və insan hüquqları üzrə işçi qrupunun fəaliyyət göstərdiyi, hər il ənənəvi olaraq, Müvəkkil tərəfindən elan olunan “İnsan hüquqları”, “Sülh” və “Uşaq hüquqları” Aylıqları çərçivəsində təşkil olunan maarifləndirmə tədbirlərində, onun təşəbbüsü ilə respublikanının bütün şəhər və rayonları əhatə olunmaqla keçirilən ictimai dinləmələrdə dövlət qurumları ilə bərabər QHT-lərin nümayəndələrinin də fəal iştirak etdiyi vurğulanmışdır.

Tədbir iştirakçıları əhalinin sosial cəhətdən həssas qruplarının hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki fəaliyyətinə, bu sahədə vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlığna görə Ombusmanına təşəkkür etdiklərini bildirilmişlər.