Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman bayramlar münasibətilə tədbirlər təşkil etmişdir

30-12-2016 9302 dəfə oxunub
Ombudsman bayramlar münasibətilə tədbirlər təşkil etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bayramlarda və əlamətdar günlərdə bir ənənə olaraq, əhalinin həssas qruplarına, o cümlədən yetkinlik yaşına çatmayan məhkumlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə, əlilliyi olan şəxslərə, ahıllara baş çəkir, onların hüquqlarının təmin olunması vəziyyətini araşdırır, bu qəbildən olan insanların çətinliklərini, problemlərini öyrənir və həllində yardımçı olur. 

Müvəkkil xeyirxah missiyasına uyğun olaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində tədbir təşkil etmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini X.Bayramova, Ombudsman Aparatının əməkdaşları Y.Cəfərova və L.Əzimova, Müvəkkilin Ahılların Resurs Mərkəzinin rəhbəri Ş.Xanməmmədova, Penitensiar Xidmətin əməkdaşları, yetkinlik yaşına çatmayan məhkumlar iştirak etmişlər.

Ombudsman azyaşlı məhkumları bayramlar münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir. O, dünya Azərbaycanlılarının həmrəyliyinin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, soydaşlarımızın birlik və bərabərliyi daha da möhkəmlənmiş, diasporumuz daha fəal qüvvəyə çevrilməkdədir. Azərbaycan dövlətinin gücü, xalqımızın yaradıcı potensialı daha da artmış, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı nəticəsində çoxsaylı yeni iş yerləri açılmış, əhalinin rifahı yüksəlmiş və həmin uğurlar böyük razılıqla qarşılanır. Bu isə dövlətimizin nüfuzunun daha da yüksələcəyinə əminlik yaradır.  

Azərbaycanda insan hüquqlarına, o cümlədən uşaqların, məhkumların hüquqlarına böyük diqqət yetirildiyini vurğulamışdır.

E.Süleymanova dövlətimizin humanist siyasəti nəticəsində 61 Əfv sərəncamının imzalandığını və 11 amnistiya aktının həyata keçirildiyini söyləmişdir. Qeyd edilmişdir ki, dövlətimizin humanist siyasətinə uyğun olaraq, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı xanım Mehriban Əliyevanın təşəbbüsü ilə on min məhkuma şamil edilmiş, 3500 məhkumun isə azadlığa çıxmasını təmin etmiş sonuncu Amnistiya aktının qəbul olunması və 15 iyun – Milli Qurtuluş günü tarixindən icrası bütün xalqımızın, o cümlədən azadlığa qovuşanların və onların ailə üzvlərinin böyük sevinci və minnətdarlığı ilə qarşılanmışdır. 

Fəaliyyət göstərdiyi müddət ərzində Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 518 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayan məhkumların da əfv edilərək azadlığa buraxıldığı bildirilmişdir.

Ombudsman azyaşlı məhkumlara qanun pozuntularına bir daha yol verməməyi, ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, təhsil almağı, peşələrə yiyələnməyi, faydalı əməklə məşğul olmağı, Vətənimizə layiq, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşmağı tövsiyə etmişdir. 

Sonra X.Bayramova və digər iştirakçılar çıxış etmiş, təbriklərini və xoş arzularını bildirmişlər.

Ombudsmanın dəstəyi ilə  Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən müəssisədə zəngin bayram süfrəsi təşkil olunmuş, uşaqlara sovqat, şirniyyat və bayram hədiyyələri paylanmış, habelə Horadiz şəhərindən olan xeyriyyəçi sahibkar tərəfindən müasir qış gödəkcələri yeniyetmə məhkumların hər birinə hədiyyə edilmişdir. 

Müəssisə rəhbərliyi və uşaqlar göstərdiyi qayğı və diqqətə, hüquqlarının təmin olunmasını nəzarətdə saxladığına görə Müvəkkilə minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda Suraxanı Rayon Mədəniyyət Evinin müğənni və rəqs qrupu tərəfindən konsert proqramı maraqla qarşılanmışdır.

Həmin gün Ombudsmanın Ahılların Resurs Mərkəzində bayram tədbirləri davam etdirilmişdir. Bayram mərasimində İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları, habelə adı çəkilən resurs mərkəzində birləşən qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan 70-dək ahıl qadınlar, tənha analar iştirak etmişlər. 

Aparatın əməkdaşları E.Süleymanovanın bayramlar münasibətilə təbriklərini və xoş arzularını ahıllara çatdırmışlar. Xalqımızın tarixən ahıl şəxslərə hörmət bəslədiyi diqqətə çatdırılmış, ölkəmizdə əhalinin digər kateqoriyaları ilə yanaşı, ahıl vətəndaşların da həyat səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli sahəsində islahatların aparıldığı vurğulanmışdır. 

Bildirilmişdir ki, Müvəkkil ahılların, o cümlədən adı çəkilən Resurs Mərkəzinin üzvləri olan tənha qocalar, qaçqın, məcburi köçkün analar və şəhid anaların da hüquqlarının müdafiəsini və təmin olunmasını diqqətdə saxlayır, onlarla tez-tez görüşür, problemlərinin həllində yardımçı olur. 

Tədbir çərçivəsində ahıllar üçün bayram süfrəsi açılmış, mərkəzin üzvlərinin iştirakı ilə konsert proqramı və səhnəciklər nümayiş etdirilmişdir. Ahılların resurs mərkəzinin üzvləri onlara göstərdiyi diqqət və qayğıya görə Ombudsmana təşəkkür etmiş, belə tədbirlərin onlar üçün çox əhəmiyyətli olduğunu vurğulamışlar.

Qeyd olunmalıdır ki, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində də bayram tədbiri keçirilmiş, bu şəbəkə nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri, onların valideynləri və müəllimləri iştirak etmişlər.

Tədbirdə uşaqlara Müvəkkilin bayram təbrikləri və xoş arzuları çatdırılmış, onlara təhsillərində uğurlar arzulayaraq biliklərə mükəmməl yiyələnmək, ahəngdar inkişaf etmək, Vətənə, xalqımıza sadiq övladlar kimi yetişmək tövsiyə edilmişdir. 

Həmçinin, Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanın tarixi” və “Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti” mövzularında keçirilən dərslərdə müntəzəm iştirak edərək maariflənən Liderlik məktəbinin üzvləri burada təşkil olunan bayram tədbirində də fəal iştirak etmişlər.