Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə konfrans keçirmişdir

09-12-2016 10305 dəfə oxunub
Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə  konfrans keçirmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki nümayəndəliyi ilə birgə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Hər bir kəsin insan hüquq və azadlıqlarının təmini: qanunvericilik və Azərbaycan təcrübəsi” mövzusunda  konfrans keçirmişdir.

Tədbirdə Milli Məclisin deputatları, dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların və KİV-in nümayəndələri iştirak etmişlər. 

Ombudsman Elmira Süleymanova tədbiri açaraq, Azərbaycanın tarixində, müstəqil respublikamızın qurulmasında və inkişafında müstəsna xidmətləri olan, insan hüquq və azadlıqlarının təmininə böyük töhfələr vermiş Ümummilli liderimiz Heydər Əliyevin 12 dekabr tarixində anım gününün olduğunu vurğulamış, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 Sonra Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə iştirakçıları təbrik etmiş, həmin əlamətdar günün tarixi, bu il müstəqilliyimizin 25 illiyini qeyd etdiyimiz Azərbaycanda iqtisadi və sosial inkişafı, əldə olunmuş nailiyyətləri, o cümlədən hüquqi islahatları, insan hüquqları sahəsində uğurları vurğulamışdır. O, ölkəmizdə Ombudsman təsisatının layiqli yer tutduğu və çoxşaxəli fəaliyyəti barədə məlumat vermişdir.

Müvəkkil Azərbaycana qarşı erməni təcavüzü nəticəsində ölkəmizin 20 faiz torpaqlarının işğalı, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın əsas insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu bildirmiş, onların hüquqlarını daim diqqətdə saxladığını, bununla əlaqədar təmini və təşviqi ilə bağlı müvafiq dövlət qurumlarına təkliflər verdiyini qeyd etmişdir. O, Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin problemlərinin diqqətdə saxladığına, bu sahədə təşəbbüslərlə çıxış edərək, Ombudsmanla birgə layihələr və silsilə tədbirlər həyata keçirdiyinə görə BMT QAK-ın ölkəmizdəki Nümayəndəliyinin rəhbəri Furio de Angelisə minnətdarlığını bildirmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova çıxış edərək, belə bir əhəmiyyətli mövzuya həsr olunmuş tədbirin təşkilinə, habelə bu sahədə Milli Məclislə səmərəli əməkdaşlığa görə Müvəkkilə təşəkkürlərini bildirmişdir. O, bu il yaradılmasının 15 illiyi qeyd olunan Ombudsman təsisatının əhali ilə dövlətin bütün strukturları arasında ünsiyyətin formalaşmasında müstəsna rolu olduğunu qeyd etmişdir. B.Muradova Milli Məclisin fəaliyyəti, qanunvericilik bazasının yaradılması və milli qanunvericiliyin daha da təkmilləşdirilməsi haqqında məlumat vermişdir.

BMT-nin Azərbaycan Respublikasında Rezident əlaqələndiricisi, BMTİP-in/BMT-nin Əhali Fondunun Rezident nümayəndəsi Qulam İshaqzai öz çıxışında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 68-ci ildönümü ilə əlaqədar bütün dünyada “Başqasının da hüquqlarının müdafiəsinə bu gündən çalış” şüarı ilə kampaniyalar keçirildiyini, Azərbaycanda Ombudsmanın o cümlədən bu kampaniya çərçivəsində gördüyü işləri müsbət qiymətləndirmişdir. O, cari ilin iyul ayında BMT və Azərbaycan hökuməti arasında imzalanmış 2016-2020-ci illər üzrə əməkdaşlıq çərçivə sənədinin əhəmiyyətini və insan hüquqlarına böyük diqqət yetirildiyini vurğulamışdır.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Furio de Angelis məruzəsində bildirmişdir ki, Ombudsman təsisatı UNICEF və BMT QAK-ın ölkəmizdəki müvafiq nümayəndəlikləri ilə birgə Füzuli, Gəncə, Goranboy, Göygöl və Bakı ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbələrdə inşa edilmiş orta məktəblərin şagird və müəllimləri üçün BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə silsilə maarifləndirici təlimlər keçirmiş, sərhədyanı Füzuli rayonunun tam siması dəyişmiş, şəhər statusu almış Horadiz şəhərində keçirilən tədbirdə həmin qurumlar birgə iştirak etmişlər. 

Eyni zamanda Ombudsman təsisatı BMT QAK-la birgə BMT Baş Məclisinin 1999-cu ildə elan etdiyi 25 noyabr - qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günündən başlanılan və Beynəlxalq İnsan Hüquqları gününədək davam etdirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində, həmçinin “Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi üzrə Bakı, Goranboy, Mingəçevir, Gəncə və Sumqayıt şəhərlərində sıx məskunlaşmış məcburi köçkün icmalarında maarifləndirmə tədbirləri keçirmişdir.

Furio de Angelis Ombudsmanla birgə əməkdaşlığı yüksək dəyərləndirmiş və bunun davam etdirilməsində maraqlı olduğunu bildirmişdir.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Komitəsinin üzvü Hikmət Məmmədov “Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi: qanunvericilik və təcrübə”, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “Azərbaycanda qaçqın və məcburi köçkünlərin insan hüquqlarının təmin edilməsi sahəsinə həyata keçirilən fəaliyyət”, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mixail Zabelin “Azərbaycanda milli azlıqların hüquqlarının müdafiəsi”, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev “Antikorrupsion islahatlar-insan və vətəndaş hüquq və azadlıqlarının təminatında rolu” və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi Vahid Qəhrəmanov “Azərbaycanda miqrantların, o cümlədən sığınacaq axtaran şəxslərin hüquqlarının qorunması” mövzularında məruzələrlə çıxış etmişlər.

Tədbirdə bu əlamətdar günə, habelə qaçqınların və məcburi köçkünlərin hüquqlarına həsr olunmuş videoçarxlar mümayiş etdirilmişdir.

Konfransın sonunda Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hər il keçirdiyi ənənəvi “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmləri müsabiqəsi və “Hüquqlar – hamı üçün” mövzusunda jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılmış və sertifikatlarla təltif olunmuşlar.