Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi ənənəvi müsabiqələrə yekun vurulmuşdur

10-12-2016 2012 dəfə oxunub
Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi ənənəvi müsabiqələrə yekun vurulmuşdur

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki nümayəndəliyi ilə birgə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!“ mövzusunda jurnalist yazıları, həmçinin “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinə yekun vurulmuşdur. Ombudsmanın BMT QAK-ın ölkəmizdəki nümayəndəliyi ilə birgə bu əlamətdar gün münasibətilə “Hər bir kəsin insan hüquq və azadlıqlarının təmini: qanunvericilik və Azərbaycan təcrübəsi” mövzusunda təşkil etdiyi konfrans çərçivəsində həm də müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Müsabiqələrə insan hüquqları mövzusunda yazılmış çoxsaylı məqalələr, Bakıdan və regionlardan olan uşaqların 210 rəsm işi təqdim olunmuşdur.

Yazıçı-jurnalist Zemfira Məhərrəmli və Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə jurnalist yazıları müsabiqəsinin, Azərbaycan Rəssamlar Birliyinin bölmə rəhbəri Emin Qəhrəmanov isə uşaq rəsm müsabiqəsinin münsiflər heyətinin üzvləri olmuşlar.

Jurnalistlər Aygün Əziz ("Kaspi" qəzeti) və Gülnaz Qənbərli ("Hürriyyət" qəzeti)  I yerə, Nigar Abdullayeva ("Palitra" qəzeti) və İlhamə Xankişiyeva ("Bizim yol" qəzeti) II yerə, Yelena Malaxova ("Kaspiy" qəzeti) və Nüsrət Məmmədov ("İki sahil" qəzeti) III yerə layiq görülmüş, pul mükafatları və sertifikatlar almışlar.

Rəsm müsabiqəsinə qoşulmuş, Bakının və respublikamızın müxtəlif rayonlarını təmsil edən uşaqlar Seyid-Oqtay Həsənov və Rəvan Məmmədov xüsusi mükafata layiq görülmüş, Aydan İsayeva, Pərvin Qədiməliyeva və Tükəzban Mirzəyeva birinci yer, pakistanlı qız Fizza Nayyab, Ülkər Əliyeva və Dilarə Əliyeva ikinci yer, Könül Məmmədli, Mədinə Eminova və Səmayə Əliyeva üçüncü yerləri tutmuş, onlara pul mükafatları və sertifikatlar təqdim edilmişdir. Rəsmləri fərqləndirilən 36 məktəbli isə sertifikatlarla təltif olunmuşlar. Qaliblər sırasında məcburi köçkün ailələrindən olan, internat məktəblərində təlim-tərbiyə alan, fiziki imkanları məhdud olan, habelə Ombudsmanın regional mərkəzlərinin əhatə etdiyi bölgələrdəki uşaq yaradıcılıq evlərini, rəsm studiyalarını təmsil edən istedadlı uşaqlar da vardır. Onların müsabiqəyə təqdim etdiyi rəsmlər mövzusunun aktuallığı və işlənmə texnikasının rəngarəngliyi ilə fərqlənir.

 Qeyd olunmalıdır ki, adıçəkilən müsabiqələr geniş ictimai rəy doğuraraq, ölkə jurnalistlərinin, o cümlədən regionlarda çalışan media nümayəndələrinin maraq və diqqətini insan hüquqları mövzusuna cəlb edir, onların insan hüquqları sahəsində maarifləndirilməsinə təkan verir.

Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində iştirak edən müəllimlər və valideynlər insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi sahəsində Müvəkkilin fəaliyyətini, ənənəvi müsabiqələri yüksək dəyərləndirmiş, bu cür əhəmiyyətli müsabiqənin keçirilməsi üçün Ombudsmana təşəkkürlərini bildirmişlər. 

Belə tədbirlərin KİV nümayəndələrinin insan hüquqları üzrə ixtisaslaşmasında və hüquqi cəhətdən maariflənməsində, rəsm müsabiqələrinə qatılan uşaqların isə öz hüquqlarını mükəmməl bilməsində, vətənpərvərlik ruhunda tərbiyəsində, dünyagörüşünün zənginləşməsində mühüm rol oynadığı vurğulanmışdır.