Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ombudsmanın BƏYANATI

29-03-2024 1095 dəfə oxunub
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ombudsmanın BƏYANATI

Tarix boyu soydaşlarımız Ermənistan tərəfindən dəfələrlə məqsədyönlü şəkildə etnik təmizləməyə, soyqırımına və deportasiyalara məruz qalmışlar.

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilmiş və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılmışdır.

Soyqırımı hadisələrində Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi yandırılaraq talan edilmiş, əhalisi amansızlıqla qətlə yetirilmişdir. Bu kəndlərdən 35-i yer üzündən silinmişdir. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı öldürülmüşdür.

Təkcə Quba qəzasında 16 min nəfərə yaxın insan öldürülmüşdür. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıqdakı insan qalıqlarında onların fiziki zorakılığa məruz qalmaları ilə bağlı çoxsaylı faktların olması ermənilər tərəfindən 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımı faktını və qeyri-insani əməlləri əyani şəkildə təsdiqləyir.

Qeyd etmək lazımdır ki, 31 Mart soyqırımı da daxil olmaqla, tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri zaman keçdikcə faktlarla sübuta yetirilir. Bir müddət əvvəl Xocavənd rayonunun Edilli kəndində, Ağdam və Şuşa şəhərlərində, həmçinin Xocalıda və işğaldan azad olunmuş digər torpaqlarımızda kütləvi məzarlıqlarda müxtəlif formada işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqlarının aşkarlanması da buna nümunə olaraq göstərilə bilər.

Soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət siyasəti və əsassız ərazi iddiaları dayanırdı. Bu iddialar ötən əsrin sonlarında daha da kəskinləşmiş, nəticədə yüz minlərlə soydaşlarımız indiki Ermənistan ərazilərindən deportasiyaya məruz qalmış, həmçinin beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizi bu ölkə tərəfindən işğal olunmuşdur.

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ermənistanın otuz ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqları azad olunaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, tarixi ədalət bərqərar olmuşdur.

Ötən əsrin əvvəllərində erməni millətçilərin azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımı hadisələri barədə həqiqətlərin dünyaya çatdırılması və bu məsələyə siyasi-hüquqi qiymətin verilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına, həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verilmişdir. 

Təəssüflər olsun ki, tarix boyu etnik zəmində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməmişdir.

Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımalı, gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması məqsədilə tarix boyu soydaşlarımıza qarşı həyata keçirilmiş cinayətlərə biganə qalmamalıdır.

 

 

Səbinə Əliyeva

 

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

29 mart 2024-cü il

 

Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.