Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Femida Könüllüləri” Təşkilatının üzvləri ilə görüş keçirib

05-04-2024 1367 dəfə oxunub
Ombudsman “Femida Könüllüləri” Təşkilatının üzvləri ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Femida Könüllüləri” Təşkilatının üzvləri ilə görüş keçirib.

Görüş zamanı Ombudsman təsisatın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Müvəkkil cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirdiyini, bununla əlaqədar Ombudsman tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində insan hüquqlarına dair müxtəlif aktual mövzulara həsr edilmiş tədbirlərin təşkil olunduğunu qeyd edib.

Ombudsman mandatının beynəlxalq hüquq normalarına uyğun olaraq genişləndirilməsi ilə bağlı məsələlərə toxunaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən və Aparatın strukturunun optimallaşdırılması ilə bağlı islahatlardan bəhs edib.

Ölkəmizdə gənclərin inkişafı və könüllülük fəaliyyətinə mühüm yer verildiyini bildirən Müvəkkil təsisatın fəaliyyətində könüllülərin də iştirak etdiyini, onların Aparatın müxtəlif struktur bölmələrində təcrübə prosesinə cəlb olunduğunu vurğulayıb. Bununla yanaşı, müxtəlif ali məktəblərdə bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan gənclərin istehsalat və elmi-tədqiqat təcrübəsində iştirak etdiyi də diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Ombudsman Aparatında qanunvericiliyin təkmilləşdirilməsinə dair irəli sürülən təkliflər, Konstitusiya Məhkəməsinə göndərilən sorğular, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlara ünvanlanan hesabatlar barədə ətraflı məlumat verilib.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.