Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi ilə görüşüb

17-04-2024 1035 dəfə oxunub
Ombudsman BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonu qəbul edib.

Görüşdə Müvəkkil qonağa Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə geniş məlumat verib, beynəlxalq qurumlarla, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə sıx əməkdaşlıq əlaqələrindən danışıb.

Biznes və insan hüquqları sahəsində fəaliyyəti barədə danışan Ombudsman bu sahədə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini, BMT tərəfindən qəbul olunmuş “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsiplər”in ölkəmizdə milli qanunvericiliyə implementasiyası və milli fəaliyyət planının hazırlanması üzrə işlərin aparıldığını vurğulayıb. Həmçinin Ombudsman təsisatı tərəfindən “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərə ümumi baxış” adlı vəsaitin hazırlandığını diqqətə çatdırıb.

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilmiş faktaraşdırıcı missiyalardan bəhs edən Müvəkkil Ermənistanın işğalçılıq siyasəti nəticəsində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının pozulduğunu, işğal nəticəsində yaranmış mina probleminin aradan qaldırılmasında beynəlxalq təşkilatların yaxından iştirakının zəruriliyini, bununla bağlı xüsusi Ad hoc hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına ünvanlandığını qeyd edib.

Görüş zamanı cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, COP29 zamanı milli insan hüquqları institutlarının fəal iştirakının vacibliyi vurğulanıb.

BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo öz növbəsində səmimi qəbula görə Ombudsmana minnətdarlığını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.