Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı tərəfindən uşaq hüquqları ilə bağlı təlim təşkil edilib

23-04-2024 1266 dəfə oxunub
Ombudsman Aparatı tərəfindən uşaq hüquqları ilə bağlı təlim təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2024-cü il üzrə təsdiq olunmuş insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirməyə dair tədbirlər planı çərçivəsində silsilə maarifləndirici təlimlər davam etdirilir.

Bu istiqamətdə növbəti tədbir Ombudsman Aparatında Sabunçu və Səbail rayon icra hakimiyyətlərinin başçılarının müavinləri, həmin rayonların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının üzvləri, rayon polis idarələrinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları, həmçinin uşaq hüquqlarının müdafiəsi üzrə işləyən təhsil, tibb işçiləri və sosial xidmət sahəsində fəaliyyət göstərən şəxslər üçün “Uşaq hüquqlarının müdafiəsi: dövlət orqanlarının vəzifələri və müstəqil monitorinq mexanizmi” mövzusunda təşkil olunub.

Tədbirə Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzlərinin və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının nümayəndələri də onlayn formada qoşulublar.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təlimdə çıxış edərək, Müvəkkilin cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirdiyini bildirib, bununla əlaqədar Ombudsman tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində cari il ərzində həssas əhali qruplarının hüquqlarının müdafiəsi və digər mövzularda təlimlərin təşkil olunacağını diqqətə çatdırıb.

Təlimdə Ombudsman təsisatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları mövzu üzrə məruzələrlə çıxış ediblər.

Məruzələrdə uşaq hüquqlarının müdafiəsinə dair mövcud beynəlxalq hüquq normaları və milli qanunvericilik aktları, Ombudsmanın bu sahədə həyata keçirdiyi fəaliyyəti, eləcə də institusional sistem və müdafiə mexanizmləri, dövlət qurumlarının və uşaqlarla işləyən şəxslərin vəzifələri barədə məlumat verilib.

Bununla yanaşı, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə Ombudsmana verilmiş yeni səlahiyyətlər, uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud problemlər və Müvəkkilin bu istiqamətdə təklif və tövsiyələrindən bəhs olunub. 

Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.