Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Qarabağın dirçəlişi: faciədən zəfərə (Azərbaycan intibahının hekayəsi)” adlı kitab üçün müsahibə verib

23-04-2024 1586 dəfə oxunub
Ombudsman “Qarabağın dirçəlişi: faciədən zəfərə (Azərbaycan intibahının hekayəsi)” adlı kitab üçün müsahibə verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Media Prima Advertising” şirkətinin rəhbəri Qrem Vilsona müsahibə verib.

Qarabağ Dirçəliş Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanan “Qarabağın dirçəlişi: faciədən zəfərə (Azərbaycan intibahının hekayəsi)” adlı kitab üçün müsahibə zamanı Ombudsman Q.Vilsonun sualları əsasında Ermənistan tərəfindən ölkəmizə qarşı törədilmiş müharibə cinayətlərinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyəti, eləcə də postmünaqişə dövründə reinteqrasiya prosesi barədə məlumat verib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışan Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ də məlumat əldə olunmadığını bildirib.

Müvəkkil İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistan tərəfindən mülki əhalinin hədəfə alındığı bölgələrimizdə, eləcə də işğal dövründə dağıdılmış ərazilərimizdə faktaraşdırıcı missiyaların həyata keçirildiyini qeyd edib, hesabatların, bəyanatların və müraciətlərin hazırlanaraq yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunduğunu diqqətə çatdırıb.

S.Əliyeva regionda dinc birgəyaşayışın təmin olunması ilə bağlı tədbirlərin əhəmiyyətindən danışıb, ölkəmiz tərəfindən erməni əsilli sakinlərin hüquqlarının təmini və reinteqrasiyası istiqamətində addımların atıldığını qeyd edib. O, Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsinin daim diqqət mərkəzində olduğunu, Ombudsmana müraciət etmək üsulları ilə bağlı açıqlamaların verildiyini, eyni zamanda, Xankəndi şəhərində erməniəsilli sakinlərlə görüşdüyünü, onların hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlandığını bildirib.

Müvəkkil, həmçinin cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirmə sahəsində həyata keçirdiyi fəaliyyəti barədə də məlumat verib, həssas əhali qruplarının hüquqlarının müdafiəsi və digər mövzularda tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.