Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ölkəmizdə səfərdədir

29-04-2024 2030 dəfə oxunub
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ölkəmizdə səfərdədir

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinin səmərəli təşkili istiqamətində fəaliyyət davam etdirilir.

Milli Preventiv Mexanizm (MPM) fəaliyyətinə dair əldə edilmiş təcrübələrin mübadiləsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında TİHEK-in sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər müddətində Azərbaycan Ombudsmanının MPM fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun (MPQ) üzvləri ilə birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksinə baxış təşkil edilib. TİHEK nümayəndə heyəti yeni istifadəyə verilən müəssisənin bütün korpuslarına baxış keçirib, burada yaradılan ümumi şəraitlə, saxlanılan şəxslərin, o cümlədən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin hüquqlarının müdafiəsi vəziyyəti ilə yaxından tanış olub.

Başçəkmə çərçivəsində, həmçinin Azərbaycan Ombudsmanının MPM qismində həyata keçirdiyi fəaliyyət barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, yaxın günlərdə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyətinin şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrə MPQ üzvləri ilə birgə səfərləri, habelə bəzi rəsmilərlə görüşləri nəzərdə tutulub.