Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman autizmli şəxslərlə görüş keçirib

30-04-2024 1349 dəfə oxunub
Ombudsman autizmli şəxslərlə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Birgə və Sağlam” İctimai Birliyinin nümayəndələrin iştirakı ilə autizmli şəxslərlə görüş keçirib.

Autizm spektr pozuntusu olan şəxslərlə bağlı mövcud problemlərin aradan qaldırılması istiqamətində İctimai Birliyinin nümayəndələri ilə müzakirələrin aparılması və Ombudsmanın fəaliyyəti ilə tanışlıq xarakteri daşıyan görüş zamanı Müvəkkil bu şəxslərə dəstək məqsədilə Ombudsman Aparatı tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib.

S.Əliyeva xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən uşaqların hüquqlarının müdafiəsi, onların cəmiyyətə inteqrasiyasına dəstək verilməsinin vacibliyini vurğulayıb, autizmlə bağlı mövcud çətinliklərin həlli üçün müvafiq dövlət qurumlarının, eləcə də aidiyyəti təşkilatların bu sahədə əlaqəli şəkildə fəaliyyətinin zəruriliyini qeyd edib.

Ombudsman autizm spektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında xüsusi normativ hüquqi aktın və məqsədli dövlət proqramının qəbul edilməsinin, onlar üçün müvafiq təhsil müəssisələri və reabilitasiya mərkəzlərinin genişləndirilməsinin, ixtisaslı kadr hazırlığının gücləndirilməsinin və maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini bildirib.

Görüşdə “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova və ictimai birliyin Autizm Məşvərət Şurasının üzvü Leyla Tağıyeva bu qəbildən olan şəxslərin cəmiyyətə sosial inteqrasiyası sahəsində mövcud problemləri, həmçinin həmin ictimai birliyin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzində həyata keçirilən reabilitasiya tədbirləri barədə məlumat verib və planlaşdırılan işləri diqqətə çatdırıb.

Yekunda görüş iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.