Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva BMT-nin Komitə üzvü Aslan Abaşidze ilə görüşüb

10-05-2024 1339 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva BMT-nin Komitə üzvü Aslan Abaşidze ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının İqtisadi, sosial və mədəni hüquqlar komitəsinin üzvü, professor Aslan Abaşidze ilə görüşüb.

Görüş zamanı qonağa Ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verilib. Təsisatın fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verildiyi bildirilib, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları, beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğu diqqətə çatdırılıb.

Görüşdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın otuz ilə yaxın işğalı zamanı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə Ombudsmanın təşəbbüsü ilə faktaraşdırıcı missiyaların həyata keçirildiyi qeyd edilib, hesabatların, bəyanatların və müraciətlərin hazırlanaraq yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunduğu söylənilib.

Eyni zamanda, cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyi bildirilib, Azərbaycanın Ombudsman təsisatı tərəfindən bu istiqamətdə tədbirlərin nəzərdə tutulduğu qeyd olunub, mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Professor Aslan Abaşidze öz növbəsində səmimi görüşə görə minnətdarlığını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə müzakirə aparılıb.