Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın “Respublika” qəzetində “Ümummilli Lider Heydər Əliyev və insan hüquqları” başlıqlı məqaləsi dərc olunub

10-05-2024 770 dəfə oxunub
Ombudsmanın “Respublika” qəzetində “Ümummilli Lider Heydər Əliyev və insan hüquqları” başlıqlı məqaləsi dərc olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “Respublika” qəzetində “Ümummilli Lider Heydər Əliyev və insan hüquqları” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan xalqının Ümummilli Liderinin yaşamaq hüququnun təmininə və cəza siyasətinin humanistləşdirilməsinə xidmət edən islahatlarından bəhs olunub, ölkəmizdə ölüm cəzasının tətbiqinə faktiki moratorium qoyulması və ləğv olunması, əfv və amnistiya aktlarının qəbul edilməsi, bu prosesin ölkə Prezidenti İlham Əliyevin hazırkı rəhbərliyi dövründə davam etdirilməsi barədə məlumatlar öz əksini tapıb.

Yazıda, həmçinin Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilmiş insan hüquqlarının təmininə zəmanət verən əsas qanunvericilik və institusional islahatlardan bəhs edilib. Bildirilib ki, 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra insan hüquqlarının səmərəli təmini məqsədilə milli qanunvericiliyin, idarəetmənin, institusional mexanizmlərin yenidən qurulması və inkişaf etdirilməsi sahəsində genişmiqyaslı islahatların aparılması üçün hüquqi bazanın əsası qoyulub. Eləcə də Ümummilli Liderin təşəbbüsü ilə aparılmış hüquqi islahatlar sırasında 2002-ci ilin avqust ayında keçirilmiş referendum nəticəsində Konstitusiyada bir sıra mütərəqqi dəyişikliklərin edilməsinin də mühüm yerlərdən birini tutduğu bildirilib.

Eyni zamanda, məqalədə Ümummilli Lider tərəfindən aparılmış genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin insan hüquqları, o cümlədən onun ayrılmaz hissəsi olan söz, fikir və mətbuat azadlığının təmini ilə bağlı mövcud olan əksər beynəlxalq müqavilələrə qoşulduğu, medianın inkişafı üçün münbit şəraitin yaradıldığı qeyd olunub. Bildirilib ki, medianın fəaliyyətini tənzim edən qanunvericilik bazasının formalaşdırılması, onun maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilmiş davamlı tədbirlər mətbuat azadlığının təmini, yeni müstəqil media subyektlərinin təsis edilməsi və inkişafı ilə bağlı süni maneələrin aradan qaldırılması üçün etibarlı zəmin yaradıb.

Bununla yanaşı, məqalədə dövlətin ali məqsədinə xidmət edən Ombudsman təsisatının yaradılması və insan hüquqlarının inkişafı ilə bağlı hüquqi islahatlardan da bəhs olunub. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Ombudsman təsisatının fəaliyyətinin səmərəliliyinin artırılmasına hər zaman dövlət tərəfindən yüksək dəstək göstərilir.