Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Masallıda seminar təşkil olunub

21-05-2024 1428 dəfə oxunub
Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Masallıda seminar təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Masallı şəhərində Ombudsmanın Cənub Regional Mərkəzində “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzusunda seminar keçirilib.

“İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquqları sahəsində peşəkar inkişafın keyfiyyətinin yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə hüquq mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının, o cümlədən həmin qurumların struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç açılış nitqi ilə çıxış edib və beynəlxalq humanitar hüquq müstəvisində müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsinin xüsusiyyətlərini vurğulayıblar.

Daha sonra yerli və beynəlxalq təlimçilər müxtəlif aktual mövzular üzrə çıxış edib, beynəlxalq humanitar hüququn tətbiqinin institusionallaşması və milli təsisatların rolu barədə iştirakçılarla diskussiya aparıblar.

Seminarda BQXK-nın ekspertləri ilə yanaşı, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və həmin sektorun baş məsləhətçisi Aydan Talıbova tərəfindən “Beynəlxalq humanitar hüquq və milli qanunvericilik kontekstində Ombudsman Aparatının saxlanılma üzrə mandatı və fəaliyyəti”, “Ombudsman Aparatının itkin düşmüş ailələrə dəstək sahəsində fəaliyyəti”, ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya və Ombudsman Aparatının mina qurbanlarına dəstək fəaliyyətləri” mövzularında təqdimatlar edilib.

Sessiyalar üzrə tədbir iştirakçılarının sualları cavablandırılıb və yekunda onlara sertifikatlar təqdim olunub.